Bu il mayın 1-i vəziyyətinə Astara rayonunda muzdla çalışan işçilərin sayı 8 min 629 nəfər olub. Onlardan 6 min 439 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2 min 190 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a məlumat verilib.

Qeyd olunub ki, rayonda muzdla işləyənlərin 41,0 faizi təhsil, 20,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,6 faizi sənaye, 11,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,4 faizi tikinti, 6,0 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 68 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Diqqətə çatdırılıb ki, Astarada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,7 faiz artaraq 428,0 manat təşkil edib.

İqtisadiyyatın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı daha yüksək olub.