Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə
Ərçivan qəsəbə sakinləri, ziyalıları, gəncləri və ağsaqqallarının minnətdarlıq məktubu
Hörmətli Qəzənfər müəllim!
Bu gün dünyamız ən ağır və çətin bir dövrünü yaşayır. Koronavirus pandemiyası bəşəriyyətə meydan oxuyur. Bütün bunlara baxmayaraq, dövlət başçısı möhtərəm cənab Prezident İlham Əliyev ölkə əhalisinin təhülkəsizliyi və rifahı naminə bütün mümkün tədbirləri görməklə yanaşı, ölkədə sosial-iqtisadi və mədəni sahələrdə infrastruktur dəyişikliklərinin, abadlıq və tikinti quruculuq işlərinin aparılmasını da diqqət mərkəzində saxlayır.
Ölkə başçısının çoxşaxəli fəaliyyət proqramı Astara rayonunda da uğurla həyata keçirilir. Bu bir danılmaz faktdır ki, Astara rayonuna rəhbərlik etdiyiniz dövrdə bilavasitə nəzarətiniz sayəsində rayonda neçə-neçə ümumtəhsil məktəbi yeni inşa və əsaslı təmir edilmiş, sosial-mədəni obyektlər istifadəyə verilmiş, avtomobil yolları təmir edilərək asfaltlaşdırılmışdır. 2019-cu ilin sentyabr ayında Ərçivan qəsəbə sakinləri ilə səyyar görüşünüz zamanı qəsəbənin problemləri müzakirə edilərkən qəsəbə ziyalıları tərəfindən Ərçivan qəsəbə 4 saylı tam orta məktəbinə magistral yoldan gedən ara yolun bərbad olması, məktəb şagirdlərinin və qəsəbə sakinlərinin gediş-gəlişi zamanı narahatlıq çəkdiyi səbəbindən asfaltlaşdırılması təklifi irəli sürülmüşdü. Həmin görüş zamanı qəsəbə sakinlərinin bir qrupu təklif etdi ki, qəsəbə əhalisinin ən sıx məskunlaşdığı iki məhəllənin küçələrinin də asfaltlaşdırılmasına böyük ehtiyac duyulur. Çünki bu məhəllələrdə sosial-mədəni, iaşə və ticarət obyektləri yerləşir ki, əhalinin bu küçələrdə hərəkət etməsi böyük çətinlik yaradır.
Hörmətli Qəzənfər müəllim!
Qəsəbənin saysız sosial-iqtisadi problemlərinin həllinə həmişə diqqət və qayğı ilə yanaşmısınız. Ona görə də həmin görüşdə söz verdiniz ki, məktəb yolunun və hər iki qəsəbədaxili yolun asfaltlaşdırılmasına kömək edəcəksiniz. Artıq verdiyiniz sözə çox yüksək səviyyədə əməl etmisiniz. 500 metrlik məktəb yolu asfaltlaşdırılmış, xüsusi tapşırığınızla yol ilə məktəbin giriş darvazası arasında 40 kv m-ə qədər əraziyə toplanış meydançasına da asfalt döşənmişdir. Bu mənzərə məktəb binasına möhtəşəmlik görüntüsü verir. Qəsəbənin daha iki məhəlləsinin küçələrində asfaltlaşdırma aparılması barədə verdiyiniz sərəncam əsasında iki min nəfərdən çox əhalinin yaşadığı Ərçivanbicar məhəllə yolunun və üç min nəfərə yaxın əhalinin məskunlaşdığı böyük körpüdən başlanan qədim məhəllə yolunun asfaltlaşdırılması ilə hər iki məhəllənin sakinlərinə böyük sevinc və xoş anlar yaşatdınız. Görülən işlər qəsəbə sakinləri, şagirdlər, valideyn və pedaqoji işçilərdə böyük sevinc və minnətdarlıq hissi yaradır.
Göstərilən diqqət və qayğıya görə məktəbin müəllim və şagird kollektivi, maarifpərvər valideynləri, qəsəbə ziyalıları və hər bir qəsəbə sakini adından ölkə başçısına və Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirir, Möhtərəm cənab Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi və mədəni tərəqqisi, xalqın sosial rifahının yüksəldilməsinə yönələn geniş layihələrin icra olunması ilə əlaqədar fəaliyyət proqramının həyata keçirilməsi işində Sizə uğurlar arzulayırıq.
Sizi əmin edirik ki, qəsəbəmizin sakinləri, hər bir sadə vətəndaşı bütün mühüm məsələlərin həllinə öz layiqli töhfələrini verəcək, dövlət başçısına və Sizə daim dəstək və birlik nümayiş etdirəcəkdir.
Ərçivan qəsəbə sakinləri, ziyalıları, ağsaqqalları və gəncləri
Astarainfo.az