Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir. Bu rayonun bir çox tanınmış arıçıları var ki, onların təsərrüfatlarının məhsulları keyfiyyətinə görə seçilir. Burzubənd kənd sakini Camal Baxşıyev də onlardan biridir. O, 25 ildir arı təsərrüfatına qulluq edir. Bu illər ərzində saxladığı arı ailələrinin sayını 20-yə çatdırıb. Lakin arıçı bu il qəribə hadisə ilə qarşılaşıb. Təsərrüfatındakı arı ailələri naməlum səbəbdən kütləvi şəkildə qırılır.
AZƏRTAC xəbər verir ki, hər səhər öz təsərrüfatındakı arıları yoxlayan kənd sakini bu dəfə fərqli mənzərənin şahidi olub. “Səhər saat 6-ya işləmiş arılara baxanda gördüm ki, 10 ailədə pətəkdən arı çıxmır. Hamısı tələf olmuşdu. Hər il pətəyi gənəyə qarşı dərmanlayırıq. Bu il isə heç bir dərman verməmişik. Arıların hansı səbəbdən qırılması çox maraqlıdır”, – deyə arıçı bildirib.
Zərərçəkən arıçı bu illər ərzində ilk dəfədir belə halla rastlaşır.
Məsələdən Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov da xəbərdardır. “Təsərrüfata baxış keçirdik. Burada 10 arı ailəsi demək olar ki, tamamilə məhv olub. Dəqiq cavab laborator analizlərdən sonra məlum olacaq. İlkin ehtimala görə, arılar zəhərlənib. Bu vaxtlarda bizim ərazilərdə çöl xurması çox olur. Arı ailəsi onun şirəsini çəkəndə zəhərlənə bilir. Amma bu, kütləvi olmamalıdır”, – deyə A.Nəzirov qeyd edib.
Təsərrüfatdakı digər pətəklərdə isə hər hansı problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da narahat edir.
Qeyd edək ki, arıların hansı səbəbdən tələf olmasını öyrənmək üçün nümunələr laboratoriyaya göndərilib.
Astarainfo.az