İki gündür Astara rayonunda taxıl yığımına başlanılıb. Bu müddətdə 10 hektar buğda sahəsinin məhsulu yığılıb.

Bu barədə Astarainfo.az Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları 148,6 hektarda taxıl əkiblər. Bunun 122,8 hektarını buğda, 25,8 hektarını arpa sahələri təşkil edir.

Taxıl yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa çatdırmaq üçün sahələrə lazımi qədər kombayn və işçi qüvvəsi cəlb olunub.

Astarada taxılçılıq əsasən Kakalos, Şahağac, Təngərüd və Şiyəkəran kəndlərində inkişaf etdirilir.

Qeyd edək ki, ötən il rayonda 178,4 hektar taxıl sahəsindən 377 ton məhsul yığılıb. Bunun 307 tonunu buğda (139,5 hektar), 70 tonunu (38,9 hektar) isə arpa təşkil edib.

Astarainfo.az