Dünyanı ağuşuna alan yoluxucu xəstəlik – koronavirusla bağlı mühasibimiz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayevdir.
- Oktay həkim, Astara Rayon Mərkəzi Xəstəxanasının karantin günlərində fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik.
- Fevral ayının 20-dən Azərbaycanda ilk olaraq Astara Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə keçib. Əvvəl bizdə İran İslam Respublikasından gələn azərbaycanlılar karantinə alınırdı. Martın 3-dən isə ümumən koronavirus xəstələri Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Karantinə alınan sağlam insanlar isə buradan köçürüldü. İndiyə qədər 300-ə yaxın koronaviruslu xəstəni müalicə etmişik. Ən ağır xəstələr hazırda Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilir. Xəstəxananın profili elədir ki, ən ağır pnevmaniyalı xəstələr burada müalicə olunmalıdır. Ölkə üzrə ən ağır koronavirus xəstələri Mərkəzi Gömrük Hospitalı, Ağciyər Xəstəlikləri İnstitutu və bizim xəstəxanaya yerləşdirilir.
- Üç ay öncə virusa qorxu hissi ilə reaksiya verilirdi, daha sonra inanmayan kütlə yarandı və bu da insanları çaşdırdı. Bununla bağlı nə demək istərdiniz?
- Düzdür inanmayanlar var idi, camaat görəndə ki, vəziyyət pisdir, ölənlərin sayı artır ondan sonra inanmağa başladılar, işin ciddiliyini qəbul etdilər. Könüllü olaraq özləri xəstəxanaya müraciət edir, yaxma verir və müalicə olunmaq istəyirlər. Koronavirus ölümə gətirib çıxaran xəstəlikdir. Xroniki xəstələr bu virusla mübarizəyə dözmürlər. Yaşı 60-dan yuxarı olanların ölüm faizi yüksəkdir. Bu xəstəlik zamanı ağ ciyər pnevmaniyası yaranır və tənəffüs həddi getdikcə azalır, ağ ciyər toxuması tamamilə dəyişilir və o tənəffüs üçün yararsız toxumaya çevrilir. Ona görə də ağciyər bədəndə oksigen mübadiləsini tənzimləyə bilmir.
- Amma bu məsələ ilə bağlı panikaya düşüb qorxmaq lazım deyil. Müəyyən gigiyenik qaydalara, əsasən, əl gigiyenasına riayət etməklə xəstəlikdən qorunmaq olar.Maskasız gəzmək ,ümumiyyətlə, olmamalıdır. Sanki düşmənlə gizli müharibə gedir. Ona qarşı işlədilən silahımız da yoxdur. Elə qorunmaq lazımdır ki, düşmən bizi yaxalaya bilməsin. Sosial məsafəni saxlamaq lazımdır. İnsanlar bu qaydaları pozduğundan nəticədə xəstəlik getdikcə artır. Demək olar ki, həftə ərzində xəstəliyə yoluxanların sayı gündəlik 300-dən az olmur. Hələ bu aşkar olanlardır. Məlum olmayanlar da çoxdur. Bizə yalnız müraciət edənlərdən test götürülür.
- Xəstəlik ilk növbədə qrip kimi başlayır, oynaqlarda, başda boğazda ağrılar olur. Ona görə çoxları bunu qriplə səhv salırlar. Hər birimiz “Evdə qal” çağırışına bir nəfər kimi əməl etməliyik. Bu il başqa infeksiyalar heç olmadı. Əlbəttə o çağırış olmasaydı yoluxma daha çox olardı. Bu göz qabağındadır ki, dövlət səviyyəsində çox güclü tədbirlər görüldü. Bunu bütün dünya təqdir edir. Əhalisinin sayı bizim ölkə əhalisinə bərabər olan ölkələrdə ölənlərin sayı bizdə yoluxanların sayından qat-qat artıqdır. Dünyada bu dərəcədə profilaktik tədbir görə bilən az ölkə var. Onlardan biri Azərbaycandır. Şəxsən cənab Prezidentin bu məsələni diqqətdə saxlayıb, müntəzəm tapşırıqlar verməsi, böyük məbləğdə maliyyə ayırması bu uğurun səbəbidir.
- Karantin rejiminin tətbiqi ilə virusun aradan qalxmasına nail ola biləcəyikmi?
- Bəli, mənim özümə də müraciət edirlər ki, iki gün evdə qalıb, beş gün çöldə olmağın nə mənası var? Axı iki gündə minlərlə insan yoluxa bilər. Heç bir qərar kor-koranə qəbul edilmir. Bu, dünya praktikasında təcrübədən keçmiş bir formadır. Hər kəs öz düşüncəsinə uyğun fikir bildirir. Amma reallıq başqadır. Sərt karantin rejimi yoluxmaların sayını xeyli azaldır. Lakin paralel olaraq karantinsiz variant yoxdur deyə biz o azalmanı görə bilmirik. Karantin rejimi tətbiq olunmazsa ,kütləvi yoluxma baş verəcəkdir,xəstəxanalar isə bu xəstələri müalicə etməyin öhdəsindən gələ bilməyəcək.
- Son vaxtlar əhali arasında çaşqınlıq yaradan bir fikir vardır: “Yəni hər kəs mütləq bu xəstəliyə tutulacaq”. Siz bunu necə izah edərdiniz?
- Koronavirus infeksiyadır. Yaxın vaxtlarda peyvənd tapılmazsa, insanların hamısı, demək olar ki, bu virusa yoluxacaq. Sual oluna bilər ki, nəyə görə karantin davam etdirilir? Əvvəla, ona görə karantin ləğv edilmir ki, çoxlu xəstələr xəstəxanaya eyni zamanda axışmasın. Yoluxma yavaş-yavaş getsin ki, xəstəxanalar xəstələri müalicə etməyi çatdıra bilsin. Məsələn, Avropada 60 yaşlı insanlardan süni tənəffüs aparatını ayırıb 40 yaşlı insana qoşurlar. Bizdə bu hallar yaşanmasın deyə karantin tədbirləri görülür. İkincisi də, ona görə gecikdirilir ki, ola bilər başqa müalicə metodu tapılsın, insanlar hamısı yoluxmadan bu prosesi nə qədər gecikdirə bilsək, o qədər yaxşıdır. Üçüncüsü, ola bilər ki, peyvənd kəşf olunsun, insanlar xilas edilsin. Bu səbəblərə görə karantinin vaxtı uzadılır.
- Astarada yoluxanların sayı hazırda nə qədərdir?
Astarada yoluxanların sayı heç 60-a çatmayıb. Tibb işçilərimizdən də yoluxan yoxdur. Bu, böyük göstəricidir. Koronavirusa qarşı mübarizə ilk bizdən başladı, qonşu rayonlar bizdən sonra mübarizəyə başlayıb. Onlarda 40-60 tibb işçisi koronavirusa yoluxub. Hətta onlar arasında ölənlər də var.
- İnsanlar qorunmaq üçün internetdə araşdırmalar edir, özlərini müdafiə üsulları axtarırlar. “Dekzametezon” adlanan dərmandan istifadə edirlər. Sizcə, bu doğru mübarizə üsuludurmu?
- Bu dərman da müalicə üsulları arasında var. Amma belə bir təlimat yoxdur ki, yalnız bu dərman xəstəni sağalda bilər. Bu dərman ödəmi toxumalardan götürür, menbran stimuledici təsiri var. Menbranların dağılmasının qarşısını alır. Amma o demək deyil ki, “dekzametezon” koronavirusu sağaldacaq. Onu qabaqlayıcı tədbir kimi istifadə etmək də yanlış üsuldur.
- Oktay həkim, maraqlı və ətraflı müsahibəyə görə sizə təşəkkür edirik. Gərgin işinizdə sizə uğurlar arzulayırıq.
Əfsun Ələskərli