Astarada bu ilin ilk bal süzümünə başlanılıb. Cənub bölgəsində ən iri arıçılıq təsərrüfatları bu rayonun payına düşür. Hazırda rayonda 1300-dən çox arıçının təsərrüfatında 30 minə yaxın arı ailəsi var.

Astarainfo.az  xəbər verir ki, Astaranın dağlıq kəndlərində əhali əsasən arıçılıqla məşğuldur. Rayonda daha çox arı təsərrüfatının olduğu kəndlərdən biri də Miki kəndidir. Miki kəndi dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir.

Kənd sakini Vidadi Hüseynovun 27 yaşı var. Təsərrüfatında 120 arı ailəsi var. Dövlətin bu sahəyə dəstəyi hər bir arıçı kimi ona da böyük stimul verib.

Vidadi Hüseynov deyir ki, arıçılıq ona ata-babadan miras qalıb: “Arıçılığı daha da inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Demək olar, bütün qohum-əqrəbamız arıçılıqla məşğuldur. Bu il havalar bir qədər yağıntılı keçdiyindən, arıxanalarımızda “may balı” keçən ilə nisbətən azdır”.

Astaralı fermerlərin sözlərinə görə, havaların yağmurlu olması bal süzümünü bir qədər gecikdirib. Arıçılar “may balı”nın çox olmayacağından ehtiyat edirlər. Ağacların çiçəklərindən toplanan balın məhsuldarlığı isə əksinə, çox yaxşıdır.

“May ayında ilk yaz çiçəkləri açılanda havalar yağıntılı keçdi. Ona görə məhsuldarlıq bir az aşağı oldu. Amma indi cökə ağacları çiçək açıb, mövsüm vaxtıdır. Arılar yaxşı işləyir, bal gətirirlər. Keçən il belə yaxşı olmamışdı. Bu il isə bol məhsul olacaq. Allah Prezidentimizə cansağlığı versin, kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradıb. Arıçılar da bundan bəhrələnirlər. Hər arı yeşiyinə görə dövlətimiz bizə subsidiya da verir”, – deyə arıçı Sədaqət Hüseynov bildirir.

Astara-Lənkəran Arıçılar Birliyin sədri Arif Nəzirov da qeyd edib ki, arıçılığın inkişafı üçün lazımi şərait yaradılıb: “Təkcə bu il Astarada arı ailələrinin sayında 5 min artım olub. Buna səbəb dövlətimizin arıçılığın inkişaf etdirilməsi üçün hər yeşiyə 10 manat subsidiya ayırmasıdır. İnsanlar müraciət edir, bu sahəyə maraq göstərirlər. Bu, bizi sevindirir”.

Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlə satırlar. Astarada balın 1 kiloqramı müştəriyə 20-25 manata təklif edilir. Qeyd edək ki, ötən il orta hesabla hər arı ailəsindən 18-20 kiloqram bal götürülməklə, rayonda 500 tona yaxın bal tədarük olunub.(AZƏRTAC)