Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayının artması, xəstəxanalarda çarpayı çatışmazlığı məsələsini gündəmə gətirib.
Astarainfo.az  xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramına danışan mütəxəssislər hesab edirlər ki, vəziyyət ciddiləşərsə dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də əlavə məkanlardan ( şadlıq sarayları, futbol meydançaları və s.) istifadə etmək olar.
Həkim Nahid Məhərrəmov bildirib ki, dünya ölkələrində bu təcrübə var ki, bəzən təkcə xəstəxanalar deyil, digər iri zalları olan müəssisələrdən də istifadə olunur: “Və yaxud da ki, iri zallarla yanaşı futbol meydançaları, iri foyesi olan bir mərkəzlər pandemiya üçün, sırf koronavirus xəstələrinin müayinəsi üçün ayrılmış bir yer kimi istifadə olunur”.
Ekspertlər hazırda mövcud pandemiya səbəbindən fəaliyət göstərməyən  müxtəlif ictimai-iaşə obyektlərinin, olimpiya komplekslərinin, hətta şadlıq saraylarının bu məqsədlə ayrılmasını tövsiyyə edirlər.
Ekspert İlqar Hüseynlinin sözlərinə görə, koronavirusa yoluxan xəstələrin səhiyyə xidmətini təşkil etmək üçün əlimizdən gələni edə bilək: “İndiki şəraitdə həm səhiyyə müəssisələrinin çatışmazlığını, çarpayı çatışmazlığını nəzərə alaraq müxtəlif şadlıq evlərini, o cümlədən mərasim zallarını bu məqsəd üçün hazırlamaq lazımdır ki, biz virusa yoluxan xəstələrin səhiyyə xidmətini təşkil etmək üçün əlimizdən gələni edə bilək”.
Nazirlər kabineti yanında Operativ Qərargahın tibb-eksperti Rəşad Mahmudov bu cür əlavə məkanların yaradılmasını istisna etmir. Onun sözlərinə görə, son günlər yoluxma sayının artması ölkədə epidemiolji vəziyyəti daha da çətinləşdirib: “Yoluxma sayı artdığı üçün əfsuslar olsun ki, hökumət belə addımlar atmaq məcburiyyətindədir. Avropa nümunəsində də məktəblər, idman zalları pandemiya ilə mübarizə üçün xəstəxana vəziyyətinə gətirilib. Bununla bağlı artıq həm reallıq, həm də real təcrübə var”.