Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə yekun vurulub.

Müsabiqəyə ümumilikdə 852 layihə təqdim olunub. Onların 183-ü barədə müsbət qərar verilib.

Astarainfo.az xəbər verir ki, qalib layihələri olan 10 rayon və şəhərlər arasında Astara rayonunun da adı var. Rayonun şagirdləri və müəllimləri müsabiqədə fəal iştirak ediblər. Astaradan müsabiqəyə ümumi təhsil kateqoriyası üzrə 5, fərdi kateqoriya üzrə isə 18 layihə təqdim olunub.

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin yekun nəticələrinə əsasən Astara rayonu iki ümumi təhsil, üç fərdi kateqoriya olmaqla yüksək nəticə əldə edib.

Məktəb kateqoriyası üzrə Siyaku kənd tam orta (layihənin adı: “Asimo” robototexnika və sxema-texnika mərkəzi) və Vaqo kənd tam orta (layihənin adı: “Nik Vuyçiç” inklüziv təhsil üzrə yay məktəbi) məktəbləri təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olub.

Fərdi kateqoriyada isə Babək Rzazadə (Astara şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi, layihənin adı – “OrdEng” tətbiqi-ingilis dili fənnindən buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası), Emil Axundov (Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, layihənin adı – “Gələcəyin müəllimləri”) və Nərmin Hüseynquliyeva (Qapıçıməhəllə kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi, layihənin adı – “Kənd məktəbində inklüziv siniflərin formalaşdırılması”) müsabiqənin qalibi adını qazanıblar.