Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan üç nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 128 ədəd çətənə kolu və 6 kiloqram 710 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayonunun Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə əkib becərdiyi hər biri 1,5-2 metr hündürlükdə olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 3 ədəd bağlamada ümumi çəkisi 6 kiloqram 710 qram qurudulmuş marixuana aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Astarainfo.az