Yeni məktəb binaların tikilməsi, yaxud əsaslı təmir edilməsi ilə minlərlə şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Bu proses hazırda da davam edir. Rayonumuzda məktəblər üçün yeni binalar tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.
Son illərdə rayonda 40-dan çox yeni məktəb binası tikilib, modul tipli məktəblər quraşdırılıb, 8 təhsil müəssisəsi isə əsaslı təmir edilib. Ötən il rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməkliyi ilə Qapıçıməhəllə kəndində 96, Lomin Şəvqo ,Dolu,Şəmətük və Düriyyə kəndlərində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib.
Qeyd edək ki, Burzubənd kənd tam orta məktəbi üçün 364 şagird yerlik yeni məktəb binasının inşası başa çatdırılıb .Məktəb binasının tikintisinə 2018-ilin iyulundan başlanılıb.İki il ərzində tədris prosesi Burzubənd kənd folklor evində aparılıb. Məktəb rəhbərliyindən aldığımız məlumata görə, 1963-cü ildə tikilən məktəb binasının yarasız hala düşməsi, istilik sisteminin olmaması tədrisin keyfiyyətinə də mənfi təsir göstərib. Buna görə də şagirdlərin təxminən yarısı başqa məktəblərə getməyə məcbur olublar. Yeni məktəb binasının tikilməsi yerli əhalinin və şagirdlərin sevincinə səbəb olub.
İkimərtəbəli, iki korpusdan ibarət məktəb binasında tikinti-quraşdırıma, konstruksiya işləri yekunlaşıb. Dam örtüyü vurulub. Elektrik, istilik xətləri çəkilib. Məktəbin ətrafında köməkçi obyektlər tikilib. Qazanxana, nasosxana, su çənləri və anbarları tikilib. Məktəb həyətində 120 metrlik artezian quyusu qazılıb. Daima su ilə təminat üçün transformator quraşdırılıb.
Məktəb ümumilikdə 30 otaqdan ibarətdir. Bunun da 4-ü ibtidai sinif olmaqla 15 sinif otağıdır. Məktəbdə kitabxana, yeməkxana, akt zalı və fənn laboratoriyaları və idman zalı fəaliyyət göstərəcək.
Yeni tədris ilində istifadəyə veriləcək Burzubənd kənd tam orta məktəbində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb.
Əfsun Ələskərli