Korona virus daha bir səhiyyəçinin canını alıb. Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim – cərrah kimi çalışan Kamil Əliyev əfsuslar olsun ki, eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirib.

İşini bilən, savadlı həkimlərdən olan Kamil doktorun ölkənin hər qarışından pasiyentləri var idi. Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə təəssüf ki, həyatlarını itiriblər. Unutmayaq ki, bu qəhraman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.

Astara rayon deputatı olan doktor Rəşad Mahmudov öz facebook hesabında bu hadisədən çox üzüldüyünü qeyd edib: ” Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının (biri türkiyədə artıq 3 cü kurs tələbəsi) dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm….”

Bir daha korona virusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət ,ailəsinə və yaxınlarına səbir diləyirik.

“Biz birlikdə güclüyük” və həmişə də güclü olacağıq!

Astarainfo.az