Ötən əsrdə şərqdə ilk mətbu orqanın yaradılması onun təşəbbüskarı, naşiri Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda Milli Mətbuatın təməli qoyuldu. “Əkinçi” rəmzi ad daşısa da, əslində xalqın maariflənməsində, onların cəhalətdən, nadanlıqdan uzaqlaşmasında böyük tərbiyəvi əhəmiyyət kəsb etmişdir. 56  nömrəsi işıq üzü görmüş “Əkinçi” öz fəaliyyəti ilə hətta beynəlxalq nüfuz qazanmışdır. Öz millətinin gələcəyini düşünən Həsən bəy Zərdabi Çar senzurasının təqiblərindən cana doysa da, xeyirxah məsləki uğrunda yorulmadan çalışırdı. O, Qafqazda  Azərbaycanca hürufat  olmadığından İstanbuldan onu satın alıb gətirirdi.

“Əkinçi”nin naşiri ümid edirdi ki, yalnız bu qəzet vasitəsilə nadan xalqın içində maarifçilik idealarını yaya bilər.

 Əsrlər öncə Çar Rusiyasının tabeliyində olan Azərbaycanda “Əkinçi”nin həyata gəlişi o dövr üçün əlbəttə ki, böyük fədəkarlıq olmaqla yanaşı, cəsarətli bir addım idi. Təəssüf ki, “Əkinçi” təqiblərdən canını qurtara bilmədi və bağlandı. Amma onun işıqlı yolu gələcək nəsilləri aydınlığa çıxartdı. Yəni Azərbaycanın ilk mətbu orqanından sonra işıq üzü görmüş “Molla Nəsrəddin” kimi maraqlı, böyük əhəmiyyət kəsb edən jurnalların, qəzetlərin nəşr olunması Azərbaycanın mətbuat tarixində mühüm dönüş yaratdı.

Böyük ədib Həsənbəy Zərdabi olduqca çətin, sıxıntılar içində qəzetin çap olunmasına nail olurdu. Azərbaycana qonaq gəlmiş fransız müxbiri onun çətin vəziyyətdə qəzet çıxartdığını görüb söyləmişdir: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam  tapılmaz, görünür siz xalqınızı çox sevirsiniz” Bəli, bu sözlərdə böyük həqiqət vardır. Həsən bəy Zərdabi millətini, Azərbaycan xalqını dərin məhəbbətlə sevdiyindən belə bir  fədakar addım atmışdır.

 “Qəzet hər vilayətin aynasıdır” söyləmiş Həsən bəy Zərdabinin “Əkinçi”si ondan sonra işıq üzü görən mətbu orqanlıara böyük və müsbət təsirini göstərmişdir.

Dövlətimiz  yenidən müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi milli mətbuat sahəsində də, canlanma, dirçəliş yaranmışdır. Bu gün çoxlu sayda fəaliyyət göstərən region qəzetləri arasında kifayət qədər oxucu məhəbbəti qazanan qəzetlərdən biri də “Astara”dır.Qürurla deyə bilərik ki, “Astara” fəaliyyət göstərdiyi illər  ərzində milli mətbuatımızın zəngin ənənələrini məsuliyyətlə davam etdirmiş, rayonun ictimai-siyasi, sosial-mədəni həyatında baş vermiş hadisələrin vaxtında və operativ şəkildə işıqlandırılmasında mətbu sözünün təsir gücündən lazımınca istifadə etmişdir.

          Rayonun aynası olan “Astara” 1932-ci ildən indiyədək müxtəlif adlarla- “Ostoro Kolxozçu”, “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə çıxmış 1991-ci ilin oktyabr ayından isə “Astara” adı ilə nəşr olunur.

         İllər ötdükcə qəzetin adları dəyişilsə də, amalı heç zaman dəyişilməmiş, onun səhifələrində zamanla səsləşən oxucu marağı qazanan, oxunaqlı yazılar dərc olunmaqdadır.

Rayon İcra Hakimiyyətinin təsisçiliyi və “Astara” qəzetinin yaradıcı kollektivinin birgə fəaliyyəti ilə işıqlandırılan “Astara” milli mətbuatımızın ənənələrini uğurla davam etdirir.  Dövlətçiliyə, Azərbaycan xalqına olan  sədaqətini  və  ulu öndər Heydər Əliyevin,  eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin   yürütdüyü məqsədyönlü, çoxşaxəli siyasətini əməli fəaliyyətilə əks elətdirir. 

  2012-ci ildən  rayon rəhbəri, hörmətli icra başçısı cənab Qəzənfər Ağayevin   diqqət və qayğısı nəticəsində redaksiyanın maddi-texniki bazası yaxşılaşdırılmış,  qəzetin tərtibatı və formatında əsaslı dönüş yaradılmışdır. Yaradıcı kollektivinin gərgin və səmərəli fəaliyyəti nəticəsində  “Astara” qəzeti 2012-ci ildə Azərbaycan Respublikası Milli Mətbuat Şurasının üzvlüyünə qəbul edilmişdir. 

2017-ci ilin aprel ayından respublikada ilk dəfə olaraq rayon qəzeti rəngli və 16 səhifə həcmində nəşr olunur. Rayon rəhbərliyinin dəstəyi və qəzetin yaradıcı kollektivinin təşəbbüsü ilə regionda ilk olan qəzetin xəbər saytı – “Astarainfo.az” fəaliyyətə başlamışdır. İnternetin geniş yayılıdğı bir dövrdə rayonun ictimai-siyasi həyatında baş verən hadisələr   .   Astarainfo.az vasitəsilə dünyanın hər yerindən ictimaiyyətə çatdırılır.

Qəzetimiz yaşa dolduqca, püxtələşdikcə onun səhifələrində bir-birindən maraqlı rubrikalar,sərlövhələr  geniş yer almağa başlamışdır.  Bu da  Astarainfo.az xəbər saytını izləyənlərin ürəyincə  olmuşdur.

Məqsədimiz “Astara” qəzetini yaşatmaqla, rayonumuzu, onun inkişaf sahələrini daha da tanıtmaq ,eyni zamanda qəzetimizi ölkə səviyyəsinə çıxarmaq və oxucuların məhəbbətini qazanmaqdır.

“Əkinçi” yaşa dolduqca onun yolunu xoş məramla davam etdirən yüzlərlə mətbu orqanlarından olan “Astara” da özünə məxsus səviyyədə inkişaf edir, püxtələşir.

Enişli-yoxuşlu həm də çox maraqlı yol gəlmiş “Əkinçi”nin 145 yaşı artıq tarixə qovuşdu. Milli mətbuatımızın qaranquşu “Əkinçinin” yaradıcısı, nasiri bu qəzetin yaşanmasında fədakarcasına çalışan ulu sələfim Həsən Bəy Zərdabinin irsi bu gün biz jurnalistlər üçün dəyişilməz əmanət, gözəl ərməğandır. Hər bir jurnalistin bu əmanəti qəlbinin atəşi ,qələminin kəsəri ilə hifz etməyə mənəvi haqqı vardır. Jurnalist ulu sələfindən öyüd götürməklə onun kimi düzü-düz ,əyrini-əyri işıqlandırmağa çalışmalıdır. Eyni zamanda hər bir fərd özünü “vilayətin aynası” olan qəzetdə görməli ,həqiqətin işıqlandırılmasına öz töhfəsini verməlidir.

Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatına həmişə önəm vermiş, onun qayğıları ilə yaxından maraqlanmışdır. Cənab Prezidentin elə bu yaxınlarda “Əkinçi”nin eyni zamanda Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncama əsasən mətbu orqanlarında çalışan bir qrup jurnalist fəxri ada, yüksək təqaüdə layiq görülüb. Sevindirici haldır ki, bu sətirlərin müəllifi “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədli də cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Əziz oxucularımız “Astara” qəzeti həmişə sizin maraq dairənizi nəzərə alaraq öz səhifələrində rəngarəng materiallar, rayonun ictimai-siyasi həyatından bəhs edən hadisələri işıqlandırmışdır. Bundan sonra da həqiqət carçısı. tarixi zəngin “Astara” ulu kökünə – “Əkinçi”yə söykənərək dövlətçiliyə sadiq mətbu orqanı kimi aydın sabahlara doğru addımlayacaqdır.

Gülnar Əsədli