Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli bu il ölkəmizdə “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı barədə gənclərə məlumat verib. Bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Videokonfransda mövzu ilə bağlı Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Azərbaycan İlahiyyat İnstitutunun akademik məsləhətçisi, ictimai fəal Nicat Etibar, könüllü gənclər Cəmalə Məmmədova , Elgün Əzimov, Aytac Babazadən, Mirtalıb Məmmədlini və Ramin Abdullayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Diqqətə çatdırılıb ki, könüllülər koronaviris pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə görülən işlərdə, həyata keçirilən tədbirlərdə də fəallıq nümayiş etdirirlər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.