Astara rayonunun tarix və mədəniyyət abidələrindən biri də “Baba Cəbrayıl” piridir. “Baba Cəbrayıl” piri Bakı-Astara magistral yolunun yaxınlığında, Astara şəhərindən 18 kilometr şimalda, Təngərüd kəndindəki qəbiristanlıqda yerləşir.
Tədqiqatçı-tarixçi İldırım Şükürzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müqəddəs pirin adını daşıyan Baba Cəbrayılın şəxsiyyəti haqqında dəqiq məlumat yoxdur: “Yerli sakinlərin sözlərinə görə, o, bəsarətli adam, İslam dinini təbliğ edən övliyalardan olub: Cəbrayıl adının əvvəlində “baba” sözü işləndiyindən onun böyük ruhani alimi və ya təriqət başçısı olması qənaətinə gəlmək olar. Baba Cəbrayıla olan inam və ehtiramın nəticəsi olaraq onun qəbri ziyarətgaha çevrilib”.
2013-2014-cü illərdə Baba Cəbrayılın qəbri üzərində qırmızı kərpicdən düzbucaqlı formada məqbərə tikilib. Məqbərənin eyvanla birlikdə uzunluğu 8, eni 6, dama qədər hündürlüyü isə 3 metrdir. Məqbərənin 1 qapısı, 3 pəncərəsi var. Pəncərələrdən ikisi yanlarda, biri (ensiz) ön tərəfdə, qapının solunda yerləşir.
Məqbərənin eyvan hissəsində Baba Cəbrayılın oğlu, qarşısında isə onun həyat yoldaşının qəbri yerləşir.
“Baba Cəbrayıl” pirinin yerləşdiyi qəbiristanlıqda, eyni zamanda, Tunc dövrünə aid kurqan da var. Kurqan pirin adı ilə “Baba Cəbrayıl kurqanı” adlandırılır.
Qeyd edək ki, “Baba Cəbrayıl kurqanı” Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınıb.
Astarainfo.az