Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.

Astarainfo.az xəbər verir ki, bu fikir Astara Rayon Heydər Əliyev Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi, Astara Pedaqoji Kollecinin iştirakı ilə “Gənclər dövlətin və dövlət başçısının yanındadır” mövzusunda keçirilən videokonfransda səsləndirilib.

Onlayn tədbirdə əvvəlcə Bakı şəhərindəki Süleyman Ələsgərov adına Uşaq Musiqi Məktəbinin V sinif şagirdi Ləman Əliyevanın ifasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Yaxşı yol” və “Field” əsərlərindən parçalar səsləndirilib.

Videokonfransda Astara Rayon Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Bakı şəhərinin Binəqədi rayonundan ictimai fəal, psixoloq Xanım Bəşirli, Sabirabad Rayon Gənclərin Karyera və İnkişaf Mərkəzinin rəhbəri Rəşad Qurbanov, Bakı şəhərindən Gənclər və İdman Nazirliyinin Qrant müsabiqəsinin qalibi Gülnar Yusifli, “Sosial iş sosial media” İctimai Birliyinin sədri Kamran Muradov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Azərbaycan gəncliyi bu gün Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur.

Çıxış edənlər, həmçinin Azərbaycan gənclərinin yüksək vətəndaşlıq və vətənpərvərlik keyfiyyətlərinə malik olduqlarını, Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında fədakarlıq göstərdiklərini, dövlətimizin başçısının yürütdüyü siyasətə dəstək olduqlarını, həyatımızın bütün sahələrində uğurlar qazandıqlarını vurğulayıblar.

Astarainfo.az