Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə olaraq Astara rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya keçirilib.

Regional Mədəniyyət İdarəsindən Astarainfo.az-a bildirilib ki, virtual ekskursiya koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin bir-biri ilə əməkdaşlığının möhkəmləndirilməsi və təcrübə mübadiləsi məqsədilə təşkil olunub.

ZOOM proqramı ilə keçirilən tədbirdə Zərdab və Astara rayonlarındakı Heydər Əliyev mərkəzlərinin direktorları Könül Rəhimova və Kübra Səmədova hər iki mərkəzin fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Astara rayonundan Kübra Səmədova və mərkəzin fond müdiri Elza Kazımova virtual ekskursiya iştirakçılarını dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vasitələrlə tanış ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və muzey bələdçisi Xanım İmanova bildiriblər ki, mərkəzdə 195 eksponat, 525 adda 575 kitab mühafizə olunur. Bu eksponatlar Ümummilli Liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Mərkəzdə Azərbaycanın müasir dövlətçilik tarixi və Ulu Öndərin siyasi irsini öyrənmək üçün dəyərli bilgilər əldə etmək olar.

Virtual ekskursiya zamanı hər iki mərkəzdə nümayiş etdirilən eksportlar haqqında geniş məlumatlar verilib.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova virtual ekskursiyada qonaq qismində iştirak edib, karantin rejimi şəraitində keçirilən tədbirin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb.

Virtual ekskursiyaların silsilə olaraq davam etdirilməsi nəzərdə tutulur.