Avqustun 20-də Astara şəhərindəki “Gənclər evi”ndə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla könüllü gənclərlə görüş keçirilib.

Astarainfo.az xəbər verir ki, tədbirdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, İdarənin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, könüllü gənclər Səddam Abbaszadə, Jalə Fəttayeva, Nuranə Ağasiyeva, Raul Mirəhmədov, Ülvi Qurbanov, Mirtalıb Məmmədli, Aydan Kərimova çıxış ediblər. Çıxış edənlər iyulun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətinə əsasən gənc könüllülərin üzərinə düşən vəzifələrdən, Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan olunması, könüllülük hərəkatının inkişafı tarixi, Astara rayonunda könüllü gənclərlə işin təşkili barədə danışıblar.

Tədbirdə, həmçinin idmançıların arzularını nəzərə alaraq avqust-sentyabr aylarında Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdikləri 16-29 yaşlı könüllü gənclər arasında basketbol, şahmat, mini futbol və atletika üzrə Astara rayonu üzrə könüllülər kubokunun keçirilməsi, eləcə də xüsusi karantin rejimi dövründə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində könüllü gənclərin qüvvəsindən səmərəli istifadə olunması ilə bağlı gənclərin rəy və təklifləri müzakirə edilib.

Sonda görüş iştirakçılarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.