Rayonun ümumtəhsil məktəblərində peşəsini sevən ixtisasını şagirdlərə həvəslə tədris edən müəllimlərdən biri də Nadir Süleymanovdur.

Astarainfo.az xəbər verir ki, o, 1976-cı ildə Gəncə Dövlət İnstitutunun riyaziyyat fakültəsini bitirəndən sonra il Burzubənd, iki il də Səncərədi kənd tam orta məktəbində riyaziyyat fənnini tədris edib.

1984-1985-cı illərdə yaxşı işlədiyinə görə Səncərədi kənd tam orta məktəbinin direktoru təyin edilib. Məktəbə rəhbərlik etdiyi dövrdən ta bu günə kimi təlim-tərbiyə sahəsində uğurlar əldə etdiyinə görə dəfələrlə rayon təhsil şöbəsi və icra hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif edilib. 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyəti “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Haqqında söhbət açdığımız Nadir Süleymanov uzun illərdir ki, məktəb direktoru kimi fəaliyyətdədir. O, eyni zamanda sevdiyi ixtisası – riyaziyyatı şagirdlərə həvəslə tədris edir. Rəhbərlik etdiyi məktəbin məzunları hər il yüksək balla müxtəlif ali məktəblərə daxil olur. Məktəbin məzunları ali təhsilli mütəxəssis kimi təsərrüfatın müxtəlif sahələrində həmçinin müəllim kimi Nadir müəllimlə məktəbdə çalışırlar. Nadir müəllim üçün ən sevindirici hal da məktəbin məzunlarının onunla çiyin-çiyinə riyaziyyat fənnini tədris etməsidir.

Nadir müəllim həm də gözəl ailə başçısıdır, 4 uşaq, on nəvə sahibidir. Övladlarına qarşı necə həssasdırsa şagirdlərinə də həmişə qayğı ilə yanaşmağı özünə borc bilir.

Avqustun 23-də təcrübəli pedaqoq müəllim adı ilə fəxr edən, yetirmələri ilə qürur duyan Nadir Süleymanovun 65 yaşı tamam olur. Onu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və pedaqoji fəaliyyətində daha yüksək uğurlar arzulayırıq.

İnanırıq ki, Nadir Süleymanovun rəhbərlik etdiyi Səncərədi kənd tam orta məktəbi bundan sonra da tədris prosesində yüksək nailiyyətlər qazanacaq.