Jurnalistin yol qeydləri
Gördüklərimdən,eşitdiklərimdən
Hamoşamda tanış olduğum maraqlı insanlardan biri də Kamilə Əhmədovadır.O, orta təhsilli , üç uşaq anasıdır. İlkin nübarı LDU-nun məzunu Turan Bəhmənzadə Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsinin zabitidir.
Birinci qrup əlil Kamilə xanımla evlərində görüşüb söhbətləşdik. İlk baxışdan aqressiv görünsə də, əslində pozitiv ruhlu xanımdır. Anasını beş yaşında itirən Kamilə uşaq ikən qəlbi nisgilli böyüyüb. Erkən yaşlarında yerlisi Sübhanla ailə qurub. Bir neçə sınaqlardan keçən Kamiləni 2013-cü ildə tale yenidən imtahana çəkib. Üzərində dörd dəfə ağır əməliyyat aparılmasına baxmayaraq sağalmayıb . Hazırda əl əsalarına ehtiyac duyan qadın günün iyirmi saatını toxuculuqla məşğul olur. Dövlət tərəfindən birinci qrup əlil kimi sosial müavinət, Prezident təqaüdü və baxıcı ilə təmin edilib. Yaşadığı evdə hər cür şəraiti olan Kamilə qadınların zövqünü oxşayan paltarlar da tikir. “Bu iş maddi durumumu yaxşılaşdırmaqla məni həyata bağlayır, ruhlandırır” deyən Kamilə ömrünün 50-ci baharını yenicə adlayıb.
Onu da qeyd edək ki, Kamilə xanım Teresanın ən fəal toxucusudur.(Əziz oxucu,bu barədə aşağıda ətraflı məlumat verilir)
Kamilə xanım Astara məşğulluq mərkəzində qeydiyyatdadır. Yeganə arzusu yeniyetmə qızları bu işə həvəsləndirmək məqsədilə kənddə sex açmaqdır
Bəli, “Bir yandan bağlayan, bir yandan açar” el məsələni xatırlayıb, müsahibimə uğurlar arzulayaraq ayrıldım.
Amerikalı Hamoşamda
Son illər kənddə əski adət-ənənə – sənətkarlıq yenidən dirçəlib. Bir qrup evdar qadınlar yun corablar, əlcəklər toxumaqla məşğuldurlar. Onlar bu işlə maddi durumunu təmin etməklə yanaşı asudə vaxtlarını da səmərəli keçirilirlər. Əski adətlərə dəyər verən tarixçi Ağarəhim müəllimin Azərbaycan corabları şirkətini təsis edən amerikalı xanım Teresa Hamlin haqqında internetdə məlumat alandan sonra 2017-ci ildə onunla Bakıda görüşür .O Teresa xanımı Hamoşama dəvət edir və kənddə corab toxumağı bacaran və bu işə həvəsi olan qadınlarla görüşdürür. O vaxtdan Teresa xanım kənddə bir neçə toxucu qadınla əməkdaşlıq edir. İldə dörd dəfə toxucu qadınlarla görüşən Teresa xanım onları keyfiyyətli saplarla təmin edir və milli naxışlı əl işlərinin haqqını ödəyir, toxunmuş corabların Avropada və Amerikada onlayn satışını təşkil edir .
Əlavə qeyd
2016-cı ildə Əslən ABŞ-ın Minnesota ştatından olan 33 yaşlı Teresa Hamlin Azərbaycanda “Azərbaycan corabları” adlı bir şirkət təsis edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, Azərbaycan kəndindən birində ingilis dilini tədris edən Teresa, yerli əhali tərəfindən geyinilən corablarla maraqlanan bir çox turistə rast gəlib.
“Kəndli qadınlar isə keyfiyyətli ipliklər ala bilmədiklərinə görə satış üçün məhsul buraxılmasına nail ola bilmirdilər. Buna görə Teresa Hamlin kəndli qadınları işlə təmin edən “Azərbaycan corabları” şirkətinin fəaliyyətinə başlamaq qərarına gəlib. Bu gözəl corablar əsrlər boyu Azərbaycan mədəniyyətinin zəngin bir hissəsidir və ənənəvi olaraq gəlin xoncasının bir hissəsi kimi hazırlanır”, səfirlik qeyd edir.
Gülnar Əsədli