Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adı veriləcək.

Bu barədəMilli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Deputatın sözlərinə görə, bu məsələ ilə bağlı Astara rayonunun bir çox ziyalıları Mədəniyyət komitəsinin sədri kimi ona müraciət ediblər. “Oqtay Kazıminin adının Astara şəhər Uşaq Musiqi Məktəbinə verilməsi rayon sakinlərinin ürəyincə olardı. Milli Məclisin Astara rayonundan seçilmiş deputatı Rəşad Mahmudovla birlikdə məsələni müzakirə etdikdən sonra baxılması üçün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova müraciət etdik. Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapdı. Artıq bununla bağlı qərar verilib”, – deyə Q.Paşayeva qeyd edib.

Deputat deyib ki, görkəmli bəstəkarımız Oqtay Kazımi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbəri onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur.

Xalq artistinin adını daşıyacaq məktəbin şagirdlərinə uğurlar arzulayan Qənirə Paşayeva Baş Nazir Əli Əsədova Mədəniyyət komitəsinin və Astara rayon ziyalılarının adından dərin təşəkkürünü bildirib.

Astarainfo.az