Avqustun 26-da Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Astara rayonunun Kijəbə qəsəbəsində koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla tibbi aksiya keçirilib.

Mərkəzin vitreoretinal cərrahiyyə bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə xüsusi karantin rejimi davam etdiyindən bölgələrdən Bakı şəhərinə gələ bilməyən xəstələri sosial izolyasiya qaydalarına riayət olunmaqla operativ şəkildə müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və onu həll etməkdir.

Gün ərzidə 90 nəfər rayon sakini Mərkəzinin səyyar klinikasında müayinədən keçib.

Rayon sakinləri pandemiya dövründə insanların sağlamlığı qayğısına qalan dövlətmizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən ölkəmizin şəhər və rayonlarında əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş “Səyyar klinika” təşkil edilib.

“Səyyar klinika” paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində vaxtaşırı olaraq aksiyalar keçirir. Məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.

Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Səyyar qatar”ı fəaliyyətə başlayıb.

Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə korluğun qarşısının alınması üçün lazımı tədbirlər tədbirlər həyata keçirir.(AzərTAC)