Astara Rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə əvvəlcə “Heydər Əliyev və təhsil” sənədli filmi nümayiş etdirilib.

Videokonfransda YAP Astara rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədr müavini Aygül Məmmədova, Təngərüd kənd tam orta məktəbin müəllim və şagirdləri, Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli və könüllü gənclər mövzu ilə bağlı çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkəmizdə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub.

Ulu Öndər gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Onun təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə – 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binası tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz paylanıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.

Diqqətə çatdırılıb ki, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına – “Bolonya prosesi”nə qoşulub. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif qurumlarda çalışırlar.