Kimsə desəydi ki, nə vaxtsa rayon mərkəzindən 40-45 km aralı, sıldırımlı dağların qoynunda yerləşən Diqo, Avyaraud, Dolu, Şəvqo, Sibiyyət kəndlərinə avtomobil yolu çəkiləcək, bu yerləri görüb bələd olanlar üçün, ən çox da yerli əhali üçün bu bir elə də inandırıcı görünmürdü. Ona görə ki, 70 il mövcud olmuş, qüdrətli hesab etdikləri “Sovet hökuməti” bunu edə bilməmişdi. Sakinlər həmin illərdə dəfələrlə bu barədə məsələ qaldırsalar da, hər dəfə yağlı vədlərlə arxayın edilərək susdurulmuşdular. Hələ yol nədir, qloballaşan bir dünyada, kosmos əsrində yaşamağımıza baxmayaraq bu kəndlərə mövcud olduğu tarixi ərzində elektrik xətti çəkilməmiş, Dolu və Şəvqo kəndlərində fəaliyyət göstərən ibtidai məktəblər isə palçıqla suvanmış ağac konstruksiyalı köhnə binalarda yerləşirdi. Yolsuzluq bu kəndlərdə yaşayan insanların bütün həyatına təsir edərək, hər sahədə sıxıntılar yaşadırdı. Əziyyətlərə dözməyən, yeniliklərdən, müasir inkişafdan geri qalmaq istəməyən gənclər isə bu səfalı yerləri tərk etmək məcburiyyətində qalaraq başqa yerlərə köçürdülər.

Ərzaqlarını, digər yükləri yük heyvanları ilə daşıyan sakinlər, sərt keçən qışda problemlər yaşamamaq üçün yarım illik azuqələrini tədarük etmək məcburiyyətində idilər. Ən çətini isə yük heyvanlarına yükləmək mümkün olmadığı üçün neft dolu çəlləklərin əllə daşınması idi. Beləliklə dağlar qoynunda məskən salmış fədakar insanlar ömür-günlərini bu çətinliklərlə  yaşayırdılar.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirəndən sonra, bu uğurlu siyasətin davamçısı ölkə prezidenti cənab İlham Əliyevin səyləri ilə dövlətimiz gündən-günə güclənməyə, dünya miqyasında tanınmağa başlayaraq yerini möhkəmlətdi. Bu yüksək inkişaf ucqar dağ kəndlərinin sakinlərinin yol, işıq arzularını yenidən alovlandıraraq ümidləndirdi. Və budur cənab Prezidentin ölkənin hər bir vətəndaşının müraciətinə həssaslıqla yanaşdığının bariz nümunəsi göz önündədir. Qonşu İran İslam Respublikası ilə dövlət sərhədinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrində ulu öndər Heydər Əliyevin təbirincə desək “Azərbaycanın cənubunda dövlətçiliyin etibarlı keşikçiləri”, dövlətçiliyə sədaqətli olan fədakar insanların arzusu, xəyalları gerçəkləşib.

Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin mərkəzindən iki istiqamətdə Dolu, Şəvqo, Sibiyyət kəndləri istiqamətində 9 km, Diqo, Avyarud kəndləri istiqamətində 4 km yol istifadəyə verilmişdir. Burada çətin relyef şəraitində günlərlə işləyən ağır texnikaların köməkliyi ilə sərt qayalar yarılmış, geniş avtomobil yolu salınmışdır. Dərələrdə və su axarlarında müxtəlif ölçülü suötürücü borular qoyulmuş, yola çınqıl döşənərək bərkidilmişdir.

Kənd sakinlərini sevindirən digər əlamətdar hadisə isə cənab Prezidentin Sərəncamı ilə mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə elektrik xəttinin çəkilməsidir. Bu kəndlərdə yaradılan elektrik təsərrüfatında işlər başa çatdırılmış, elektrik enerjisi verilişinə başlanmışdır. İşıq və yol bu kəndlərin tarixində bir ilkdir.

İllərlə işıqsız qalan, yolsuzluqdan əziyyət çəkən sakinlər bu əlamətdar hadisəni toy-bayram edərək, bu rahatlığa, firavanlığa, yüksək diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq edirlər.

Dolu kənd sakini Əşrəf Tağıyev sevincini bizimlə bölüşərək həmkəndlilərinin təşəkkürünü, minnətdarlıqlarını cənab Prezidentə çatdırmağı xahiş etdi: – Sevincimizin həddi-hüdudu yoxdur. Mənim 46 yaşım var. İşıq və yolun həsrətini ömrüm boyu çəkmişəm. Heç olmasa övladlarımızın bu əziyyətdən çıxacaqları günü həsrətlə gözləyirdik. Nə yaxşı ki, bu günü görmək bizə də nəsib oldu. Əslində bu bütün sakinlərimiz üçün gözlənilməz ən böyük sürpriz oldu. Keçən il həm də kəndimizdə 56 şagird yerlik yeni modul tipli məktəb binası tikilərək istifadəyə verildi. Şəraitsizliyə görə kənddən köçən gənclərimiz indi geri qayıdırlar. Bütün bu işlərə görə sevimli Prezidentimiz cənab İlham Əliyevə və bu işlərin icrasına şəxsən rəhbərlik edən icra başçımız Qəzənfər Ağayevə minnətdarlıq edirik.

Diqo kənd sakini İmanqulu Mirhacov:

Belə ucqarlara yol və işıq çəkilməsi heç də asan məsələ deyil. Bu qədər böyük işlər yalnız iqtisadiyyatı güclü olan ölkələrdə həyata keçirilə bilər. Azərbaycanımız siyasi sabitliyi, güclü iqtisadiyyatı ilə dünyaya nümunədir. Ağlımıza gəlməzdi ki, nə vaxtsa bu sıldırım dağların qoynunda yerləşən kəndlərə bu cür yollar çəkilər. Hər şey bizə yuxu kimi görünür. Sağ olsun cənab Prezidentimiz. Bizim üçün xəyal olanı gerçəkləşdirib. Hədsiz minnətdarlığımızı ölkə rəhbərinə və onun tapşırıqlarını bu cür böyük məsuliyyətlə həyata keçirən icra başçımıza çatdırmağınızı xahiş eirik.

Müəllim Rizvan Allahverdiyev: – Mən Sibiyyət kəndində yaşayıram. Şəvqo kənd ibtidai məktəbin direktoruyam. Bizim təkcə uçmağa qanadımız yoxdur. Uzun illər intizarını çəkdiyimiz, əziyyətlərə qatlaşdığımız ən böyük arzularımıza çatmışıq. Yol və işığın olmaması bizi sanki ətrafdan təcrid etmişdi. Bir telefonun enerji yığması üçün 7 km aralı qonşu kəndlərə gedirdik. Uşaqlarımızı səliqəli, ütülü geyimdə görməkdən, elektriklə işləyən hər cür məişət avadanlıqlarından məhrum idik.  Bir sözlə həyatımız, yaşayışımız belə yarımçıq idi. Bu gün sevincimizin həddi yoxdur. Cənab Prezidentə nə qədər minnətdarlıq etsək belə yenə azdır. Allah onu qorusun. Qorusun ki, müstəqil dövlətimizi daha da ucalıqlara, xalqımızı daha xoş gələcəyə qovuşdursun.

30 ildir müəllim işləyirəm. Bütün bu illər ərzində məktəb deyiləsi mümkün olmayan köhnə palçıq bir tikilidə tədris aparmışıq. Yol çəkiləndən sonra rəhbəri olduğum Şəvqo kənd ibtidai məktəb üçün 40 şagird yerlik müasir səviyyəli modul tipli binanın quraşdırılmasına başlandı. Hazırda tikinti işləri başa çatmaq üzrədir. Valideynlərin, müəllim və şagirdlərin sevincini sözlə ifadə etmək çətindir. Qısa müddətdə yol, işıq və məktəb sevincini yaşayırıq. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin. Rayon mərkəzindən 40 km aralıda yerləşən bu ucqar kəndlərdə həyata keçirdiyi sosial layihələrlə cənab İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu bir daha sübut etdi.

Bəli, ucqar dağ kəndlərimizi uzaqdan seyr edənlərin əlinə böyük fürsət düşübdür. Səfalı kəndlərimiz, buradakı sərin bulaqlar, şəlalələr qonaqlı, qaralıdır daha. Yol açılandan fürsət düşən kimi  qızmar yayın istisindən qorunmaq, sərinlənmək üçün mən də yaxınlarımla bir neçə dəfə füsunkar dağlarımızın qoynunda istirahət etmək imkanında olmuşam. Doğrudan da çox mənzərəli yerlərimiz var imiş. Yurdumuzun gözəl təbiəti  bizi valeh etdi. Rahat yollarla dağlara doğru hərəkət etdikcə, axar çayın, şəlalələrin, dağ meşələrinin sərinliyi aranın istisini adama unutdurur. Əvvəllər Sım kəndində bir şəlalənin olduğunu bilirdik. Diqo, Avyarud kəndlərinə yol açılandan sonra kəndin yaxınlığından axan çayın üzərində daha iki şəlalənin şırhaşırla qayalardan süzüldüyünü müşahidə etdik.

İndi ucqar dediyimiz bu kəndlərə rayon mərkəzindən 40-45 dəqiqəyə gəlmək mümkündür.  Burada yaşayan kənd sakinləri hədsiz sevinc içindədirlər. Heç şübhəsiz ki, gələcəkdə bu mənzərəli yerlərdən həm istirahət zonası, həm də turist marşrutları kimi istifadə olunacaqdır. Qədirbilən insanlarımız bütün bunları yüksək dəyərləndirir, bu rahatlığı bəxş etdiyinə görə Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirərək hər zaman dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacaqlarını bəyan edirlər.

 

Mərasim Hacızadə