Sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar Astara rayonunda məktəblilərin iştirakı ilə yol-nəqliyyat qəzalarının baş verməməsi, həmçinin yol hərəkətinin normal fəaliyyətini təmin etmək məqsədilə Dövlət Yol Polisi əməkdaşlarının aidiyyəti üzrə xidməti təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət həyata keçirilib.

Bilik Günü yollarda sıxlıq və tıxac yaranmaması üçün təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkətə, həmçinin məktəbliləri gətirən avtomobillərin dayanıb azyaşlıları düşürüb mindirməsinə nəzarət olunub.

Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir.

Görülən tədbirlər valideynlərin və müəllimlərin ürəyincə olub.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar devizi ilə keçirilən “Diqqət, uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığı oktyabrın 5-dək davam edəcək.