Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günədək gəlib çatıb. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. Ölkəmizdə yüksək pəşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi formalaşıb.

Astarainfo.az xəbər verir ki, bu fikirlər Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda videokonfransda səsləndirilib.

Onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Xalq artisti, bəstəkar Oktay Kazımi adına Astara Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov, musiqi məktəbinin müəllimləri Aybəniz Dadaşova və Şamil Bayramov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, İdarənin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli və Astara Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu günün – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılıb, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılıb.

Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəylinin əvəzsiz xidmətlər var. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırıb. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyli təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Vurğulanıb ki, bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il Azərbaycanda yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki baza gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir.

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi, musiqi mədəniyyətinin inkişafında da rolu böyükdür.

Onlayn tədbirin sonunda Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına XV Beynəlxalq musiqi müsabiqənin laureatı Aysu Mustafazadə fortepianoda F.Şopenin “Fantaziya-Ekspront” əsərini ifa edib, Aysu Mustafazadənin iştirakçı olduğu tədbirlərdən aldığı mükafatlardan ibarət sərgi nümayiş olunub.