Meliorasiya və Su Təsərrüfatı ASC-nin Astara Suvarma Sistemləri İdarəsi Astara rayonunun 4519 hektar suvarılan əkin sahələrinə xidmət edir. İlin əvvəlindən başlayaraq rayon əhalisinin su təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülüb. Astaranın əkin sahələrini suvarmaq məqsədilə inşa edilmiş Lovayn Su Anbarını doldurmaq məqsədilə Şüvi-Lovayn suötürücü betonüzlüklü kanal lil və palçıqdan təmizlənib, su anbarı tam həcmdə su ilə doldurulub.

Bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndis əvəzi Fətiağa Əliyev  məlumat verib.

İdarənin əsas fəaliyyət istiqamətlərindən birinin əkin sahələrinin, yaşayış məntəqələrini sel sularından mühafizə etmək üçün suvarma, suötürücü və magistral kanalların lildən təmizlənməsi olduğunu vurğulayan F.Əliyev bu məqsədlə Lovayn çayında 7500, Qazandaşçayda 3500 poqonmetr hissədə dərinləşdirmə və genişləndirmə işlərinin görüldüyünü diqqətə çatdırıb.

“İdarə tərəfindən Astara rayonunun ərazisində olan təsərrüfatdaxili kanallarda da lildən təmizlənmə işləri həyata keçirilib. Rayonun Şiyəkəran kəndi ərazisində 4800, Kakalos kəndi ərazisində 6000, Şahağac kəndi ərazisində 9000, Kələdəhnə yaşayış məntəqəsində 7500, Təngərüd və Maşxan kəndlərində 3300, Artupa, Səncərədi, Suparibağ ərazisində 27800, Axiya kanalında 3000, Alaşa kanalında 3500, Ərçivan qəsəbəsində 33400 poqonmetr lildən təmizlənmə işləri görülüb”, – deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, rayonda əkilmiş bütün çəltik sahələrini suvarma suyu ilə təmin edən kanallarda təmir-bərpa işləri aparılıb, məhsul istehsalçılarına vaxtında suyun verilməsi təmin edilib. Ümumilikdə, il ərzində Astara rayonunda 126 min 400 poqonmetr müxtəlif təyinatlı kanallar lildən təmizlənib.

Hazırda bu istiqamətdə işlər davam etdirilir. İlin sonuna kimi daha 50 kilometr ərazidə kanalların lildən təmizlənməsi nəzərdə tutulub.(AZƏRTAC)