1992-1993-cü illərdə Qarabağ müharibəsində Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin dövrdə vahid komandanlıq tərəfindən idarə olunmayan ordu birləşmələrimiz pərakəndə halda idi. Bunun nəticəsində torpaqlarımız mənfur düşmənlərimiz tərəfindən işğal olundu.
Bu sözləri Astara Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Qarabağ müharibəsi veteranı, istefada olan polkovnik-leytenant Rafiq Əliyev AZƏRTAC–ın bölgə müxbirinə müsahibəsində bildirib.
Otuz ilə yaxındır ki, Azərbaycan torpaqlarının düşmən tapdağı altında olduğunu vurğulayan R.Əliyev, bu gün Azərbaycanın qüdrətli, nizamlı ordusunun ən müasir döyüş texnikaları ilə təchiz olunduğunu diqqətə çatdırıb.
Ehtiyatda olan polkovnik-leytenant daha sonra deyib: “Azərbaycan xalqı sülhsevər xalqdır. Biz müharibə istəmirik. Lakin torpaqlarımızı da heç kimə verən deyilik.
BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyri-şərtsiz qaytarılması barədə 4 qətnaməsi indiyədək icra olunmayıb. Bunun nəticəsidir ki, erməni separatçıları cəbhə bölgəsində vaxtaşırı təxribatlar törədir, mülki əhaliyə hücumlar edirlər.
Hər şeyin bir hüdudu var. Artıq Azərbaycan xalqının səbri tükənib. Ordumuz Vətən torpaqları uğrunda haqq döyüşə başlayıb.
Azərbaycan xalqı qəhrəman xalqdır. Bu torpaq Babəklər, Cavanşirlər, Həzilər, Mübarizlər yetişdirib. Əhali arasında böyük ruh yüksəkliyi, qələbə əzmi var. Gənclərimiz böyük həvəslə könüllü olaraq cəbhəyə yola düşürlər. Müzəffər ordumuzun cəbhədə qazandığı uğurlar məhz bu ruh yüksəkliyinin, Vətənə olan sevginin nəticəsidir. Biz haqq-ədalət yolundayıq. Ona görə də Qələbə bizimlədir”.