Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb.
Bəyanatda deyilir:
“Biz – Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir.
Belə ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son iki gündür ki, döyüş bölgəsi olmayan Gəncə şəhəri də Erməsitan tərəfindən ağır artilleriya atəşinə tutulur. Bunun nəticəsində bir mülki şəxs həlak olub, 30-dan çox dinc sakin, o cümlədən biri 10 aylıq olmaqla 6 uşaq, bir digər millətdən olan şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.
Biz – ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.
Gəncə və Qərb bölgəsində ümumilikdə 15 minə yaxın rus yaşayır.