Ermənistanın sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törətməsi 30 ildir torpaqlarımızı işğal altında saxlayan düşmənin iddialarının necə böyük olduğunu bir daha dünyaya göstərdi. Lakin Azərbaycan Ordusu onların bu xülyalarının gerçəkləşməsinə imkan vermədi və düşmənə layiqli cavab verərək işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın düşməndən tam azad olunacağı gün elə də uzaqda deyil.
Bu sözləri Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya üzrə fəlsəfə doktoru, Fəxri Mədəniyyət İşçisi Mehman Qaraxanoğlu söyləyib.
Onun sözlərinə görə, döyüş meydanında məğlub durumda olan Paşinyan telefondan asılı vəziyyətdə qalıb, dünya dövlətlərindən imdad diləyir. Rusiya Prezidentinə həftə ərzində 5 dəfə zəng etmək, onun təlaşda və çıxılmaz vəziyyətdə olduğunun sübutudur. Azərbaycan Prezidentinin də dediyi kimi, düşmənə son bir şans verilir. Amma görünən odur ki, o, bu vəziyyətdən də istifadə edərək, öz təxribat əməllərini davam etdirir.
Mehman Qaraxanoğlu bildirib ki, Moskvada təşkil olunan danışıqlar və humanitar atəşkəs razılaşmasının pozulması Paşinyan rəhbərliyinin ikiüzlülüyünün göstəricisidir. Ermənistan bu razılaşma üçün Putinə dəfələrlə xahiş edən tərəf olsa da, bundan da sui-istifadə etməyə cəhd göstərir. Gəncəyə, cəbhə bölgəsindən 60 kilometrdən çox uzaqda yerləşən və dinc əhalinin sıx yaşadığı ikinci böyük şəhərimizə atılan “Toçka” raketi nəticəsində sakinlərin həlak olması və yaralanması Paşinyanın məkrli niyyətini ortaya qoydu. Azərbaycan tərəfi döyüşü beynəlxalq qaydalara uyğun apardığı halda, Ermənistan bu qayda-qanunları kobudcasına pozur, dinc sakinləri məqsədli şəkildə hədəf alır.
Həmsöhbətimizin deyib ki, Paşinyan hakimiyyətdə olduğu ötən dövrdə sülh danışıqlarını pozmaq üçün əlindən gələni etdi. Amma son razılaşmaya əsasən, erməni tərəfinin bütün iddialarının üstündən xətt çəkildi, Paşinyan əvvəl dediklərinin əksinə olaraq, məhz Azərbaycan dediyi şərtlərlə masaya oturmağa razılaşdı. Bu onu göstərir ki, Azərbaycan həm döyüşdə, həm də danışıqlarda şərtləri diktə edən tərəfdir. Ermənistanın hazırkı durumu isə onu deməyə əsas verir ki, düşmənin bu şərtlərlə razılaşmaqdan başqa yolu qalmayıb. Buna görə də, azərbaycanlı dinc əhalini hədəf alaraq, nəyəsə nail olmaq istəyir.
“Azərbaycan Prezidentin son müraciəti də artıq “lətifə personajı”na çevrilmiş Paşinyanın murdar sələflərinin yolu ilə getdiyini, oyun, maskarad və sistematik imitasiya ilə məşğul olduğunu, siyasətdə heç bir zaman səmimi olmadığını, daim xalqını aldatdığını və öz yalanlarına özünün də xəstə kimi inandığını göstərir”, – deyə Mehman Qaraxanoğlu qeyd edib.(AZƏRTAC)