Qəhrəman döyüşçü Rüfət Əsədullayevin Astarainfo.az əməkdaşları ilə görüşdə ifadə etdiyi təəsüratlarını izləyicilərimizə təqdim edirik.
Rüfət Əsədullayev: “Birinci növbədə demək istəyirəm ki,mən bu şücaəti, təşəkkür eşitmək üçün, şan-şöhrət üçün göstərməmişəm.Qarşılıq gözləməmişəm, heç vaxt. Mən bunu xalqıma,millətimə görə,işğal altında olan torpaqlarımıza görə eləmişəm.”
Rüfət Əsədullayev Astaranın Ərçivan kəndinin 26 yaşlı sakinidir.H.Əliyev adına hərbi ali məktəbin məzunudur.Biz adını Qarabağ döyüşlərində eşitdik.
Bu gün Azərbaycan əskəri yeni tarix yazır.Qarabağ döyüşlərində düşmənin 7 tankını və digər zirehli texnikalarını məhv edən cəsur zabitimiz Rüfət Əsədullayev kimi.O ,yaralansa da öz əzmini itiməyib.
Rüfət Əsədullayev:“Mən öz etdiyimi xüsusi qəhrəmanlıq hesab etmirəm.Çünki bizim orda elə vuruşan uşaqlarımız,elə hərbi qulluqçularımız var ki,mən etdiyim onların yanında zərrə qədər qalır.”
Bu gənc adamın simasına baxanda müharibənin ən pis üzünü görmək mümkündür.Ancaq indiki halda müharibə həm də ədalətdir.Milli qürur məsələsi,qələbəyə aparan yol,qayıdışdır.Bu yaralı zabitin üzünə baxanda qələbənin sevincini,uğurun möhtəşəmliyini,bir yumruqda birləşmiş on milyon ürəyi görmək mümkündür.
Rüfət Əsədullayev: “Mən fəxr eləmişəm həmişə ki,bu orduda xidmət edirəm.Talış,ləzgi ,digər millətlər olsun, orduda ümumiyətlə ayrıseçkilik yoxdur.Hamı Azərbaycanlıdır.Orduda olan hər kəs də qardaş kimi, bir yumruq kimi ali baş komandanın ətrafına yığışıb”.
İndi Rüfətlə təkcə ailəsi,valideynləri,yerliləri deyil,həm də gözü-qulağı cəbhədən gələn bircə xəbərdə qalan nigaran əsgər anaları,bayrağı bağrına,qəhərdən titrəyən dodağını dişlərinə sıxıb göz yaşlarını gizlətməyə çalışan şəhid ataları,döyüşə getmək üçün səfərbərlik növbəsini gözləyən ürəkli Azərbaycan oğulları,vətən uğrunda qurban verdiyin bir gözə min dəfə can deyən ahıl yaşlı nənələrimiz qürur duyur.İndi onun timsalında əskərlərlə ,ordumuzla bütün Azərbaycan fəxr edir.
Ön cəbhədə olan övladı,atası,həyat yoldaşı,qardaşı üçün darıxan,olardan narahat,nigaran,xoş xəbər gözləyən,hər səhər günü Azərbaycan ordusuna dualar etməklə başlayan,hər kəsin əvəzindən qarşıladıq Rüfət Əsədullayevi.Onu cəbhədə olan minlərlə vətən övladının yerinə dinlədik ,sevdik,bağrımıza basdıq.
Rüfət Əsədullayev: “Səhhətimlə əlaqədar evə qayıtsam da ürəyim cəbhədə ,silahdaşlarımın yanındadır.Onlardan xoş xəbərlər alıram.Ordumuz qətiyyətlidir,güclüdür,dönməzdir.Biz yalnız irəli gedirik və ordumuz hər gün daha çox irəliləyir.Tam qələbəyə çox az qalıb,buna şübhəniz olmasın.”