Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Eyni zamanda, qonşu dövlətlərlə dostluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafı da Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir ki, burada da İran ilə münasibətlər xüsusi önəm daşıyır. İran Azərbaycan üçün dost və tərəfdaş ölkə olmaqla yanaşı, xalqlarımız arasında da qədim tarixə malik əlaqələr mövcuddur ki, bu amil də münasibətlərimizin möhkəmlənməsində və dinamik inkişafında xüsusi rola malikdir.
Müstəqillik illərdə bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verən Azərbaycan dost və qonşu İran İslam Respublikası ilə əlaqələrin inkişafında hər zaman maraqlı olub və bu gün də bu münasibətlərin möhkəmləndirilməsi istiqamətində səmərəli addımlar atılır.
Möhkəm hüquqi bazaya əsaslanan Azərbaycan-İran strateji tərəfdaşlıq əlaqələri
1992-ci ildə Azərbaycan ilə İran arasında qurulan diplomatik əlaqələr ötən illərdə sürətlə inkişaf etdirilib. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan edib. Bir neçə gün əvvəl İran Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdə də dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: “İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək”.
Əlbəttə ki, xalqlarımızın müştərək tarixi keçmişi, oxşar mədəniyyəti, dini inancımız ölkələrimiz arasında da qarşılıqlı razılaşmaların əldə olunmasında, dostluq əlaqələrimizin inkişafında çox böyük rola malikdir. İki ölkə arasındakı əməkdaşlıq və bunun faydası da birbaşa xalqlarımızın rifahına, sabitliyə və sürətli inkişafa xidmət edir.
İran tərəfi də daim ən yüksək səviyyədə Azərbaycan ilə dost əlaqələrinə malik olduqlarını, münasibətlərimizin xalqlarımızın, ölkələrimizin inkişafına xidmət etdiyini bəyan edib.
Hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində qurulan əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, aparılan müzakirələr, imzalanan sənədlərlə daha da möhkəmlənib və genişlənib. Bu günə qədər ölkələrimizin əməkdaşlığının müxtəlif sahələrinə dair 200-ə yaxın ikitərəfli sənəd imzalanıb. Ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsini nümayiş etdirən bu sənədlər Azərbaycan-İran çoxşaxəli əməkdaşlığının hüquqi bazasını təşkil edir.
Qarşılıqlı siyasi dəstək: İran daim Azərbaycanın ədalətli mövqeyini müdafiə edib
Bir sıra qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun güclü dövlətlərindən olan İran ilə ikitərəfli və çoxtərəfli platformalarda da əməkdaşlığa xüsusi önəm verir. Eyni münasibət qonşu ölkə tərəfindən də dəfələrlə bildirilib.
Bu xüsusda ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığa xüsusi önəm verirlər. Azərbaycan və İran BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və digər beynəlxalq təsisatlarla da fəal əməkdaşlıq edir və bir-birlərinin mənafelərini müdafiə edirlər. Həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması da münasibətlərimizin dinamik inkişafına mühüm töhfələr verir.
Bu möhkəmlənən əməkdaşlıq fonunda İran və Azərbaycanın daim bir-birinə qarşılıqlı dəstəyi və əksər məsələlərdə nümayiş etdirilən vahid mövqe ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən xəbər verir.
Uzun illərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qonşu İranın sərgilədiyi ədalətli mövqe də hər zaman ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Bu yaxınlarda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması rəsmi Tehranın Azərbaycanın haqq mübarizəsinə yüksək səviyyədə dəstəyi kimi xarakterizə olunur. Ayətullah Seyid Əli Xameneyinin “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır… Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikasının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır” deməsi, həmçinin Prezident Həsən Ruhaninin ölkəmizin ədalətli mübarizəsinə dəstəyini ifadə etməsi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunun əyani sübutudur.
Cəbrayıl və Zəngilanın işğaldan azad olunması Azərbaycan-İran əməkdaşlığına mühüm töhfələr verəcək
Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası, öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dollarına yaxın olub. Həmçinin İran sərmayədarları tərəfindən indiyə qədər ölkəmizə yatırılan investisiyanın həcmi təxminən 3,4 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, azərbaycanlı iş adamları da İranda iqtisadiyyatın müxtəlif sektorlarına investisiya yatırırlar.
Əlbəttə ki, Azərbaycan-İran iqtisadi əməkdaşlığının son illər ərzində ən diqqətçəkən istiqamətlərindən biri də nəqliyyat sektorudur. Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək ki, bu layihə ölkələrimiz üçün böyük iqtisadi dividentlər vəd edir. Həmçinin Azərbaycan və İran şirkətlərinin birgə layihəsi olan ilə Neftçala avtomobil zavodunun istifadəyə verilməsi və digər mühüm layihələrin icrası da iqtisadi sahədə əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın, ölkələrimizin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək.(AZƏRTAC)