″Noyabrın 11-də astaralı gənclərdən ibarət üç nəfərlik qrup – rayonun Ojəkəran kənd sakini Şahlar Hüseynov, Burzubənd kənd sakini Ramin Aslanov və Tüləgüvan kənd sakini Sevdar Sovqatov Böyük Qələbə şərəfinə Astaradan Bakıya doğru piyada yürüşə başlayıblar.

Astarainfo.az  xəbər verir ki, gənclər əvvəlcə Astara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini, Şəhidlər xiyabanını, “Qəhrəmanlar bağı”nda Azərbaycanın Milli və Sovet İttifaqı qəhrəmanlarının abidələrini ziyarət ediblər.

Qrupun rəhbəri Şahlar Hüseynov yürüş barədə məlumat verərək deyib: “Sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlanan gündən biz arxa cəbhədə əsgər və zabitlərimizə həmişə dəstək olmuşuq. Bu müddətdə cəbhə bölgəsinə əsgərlər üçün ərzaq və müxtəlif məişət əşyalarından ibarət sovqatlar aparmışıq. Həmin vaxt belə niyyət etdik ki, şanlı Azərbaycan Ordusu mənfur düşmənlərimiz üzərində qələbə çaldıqdan sonra Astara şəhərindən Bakıya piyada yürüş edək, Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edək. Çox xoşbəxtik. Bu gün arzumuza qovuşmuşuq. Böyük Qələbə şərəfinə aksiyaya başlamışıq.”

Şahlar Hüseynova verdiyimiz “Soyuq, yağışlı havada Bakıya piyada getmək sizin üçün çətin olmaz?” sualına cavab belə oldu: “Vətən müharibəsində əsgər və zabitlərimiz 44 gün 40 kiloqramlıq yüklə, ağır əsgəri gödəkcə ilə yollarda, dağlarda əziyyət çəkiblər. Biz isə Bakıya rahat yolla yürüş edirik. Bu yürüşün həm də rəmzi mənası var -səngərlərdə vuruşan əsgər və zabitlərimizə mənəvi dəstək olmaq…”

Qrupun digər üzvləri – Ramin Aslanov və Sevdar Sovqatov da aksiyaya qoşulduqlarından məmnun olduqlarını bildirdilər.

Aramsız yağış yağmasına baxmayaraq, astaralı gənclər piyada Bakı şəhərinə yola düşdülər.