Azərbaycanın fəxarətlə öyündüyü, sevinc içində yaşadığı zaman Vətən Müharibəsinin iştirakçısı Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanan qazi İlham Əkbərovu sizlərə tanıtmaq istərdim.
Əkbərov İlham İntiqam oğlu 1990-cı il oktyabrın 25-də Rüdəkənar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra ali təhsil alıb. 2012-2013-cü illərdə “N” saylı hərbi hissədə qulluq edib. 2014-cü ildən rayon Gənclər və İdman İdarəsində baş mühasib kimi fəaliyyətə başlayıb.
Vətən müharibəsi başlananda bir sıra gənclər kimi o da könüllü orduya yazılıb. Oktyabrın 26-da qızğın döyüş zamanı ağır yaralanıb. Ondan bir gün əvvəl otuz yaşını döyüşdə qarşılayan İlham yaralandığına görə hətta yaşamayacağını zənn edib. Lakin Füzuli xəstəxanasında təcili əməliyyat olan, Yevlaxda hərbi hospitalda müalicə alan döyüşçü yenidən döyüşə atılmaq arzusuna düşür.
Döyüşlərdə şücaətlər göstərən İlham Əkbərov bütün Azərbaycan xalqı kimi fəxarətlə qürur hissi keçirir.
Milli Ordunun atıcı əsgəri İlham döyüş günlərini beləcə xatırlayır : – Döyüş zamanı snayper gülləsinə tuş gələndə həyatımın bitdiyi zənn etdim. Bir anlıq gözümün önünə şəhid yoldaşlarımı gətirdim. Döyüşçülər bir amal uğrunda döyüşürlər: irəli getmək və qələbə qazanmaq. Vətən uğrunda şəhid olan döyüşçülərimizi Allah rəhmət eləsin. Şəhidlik zirvəsinə ucalmaq böyük xoşbəxtlikdir. Amma təəssüf ki, onlar qələbəni görmədilər. Bu gün hər birimiz qürur hissi ilə Azərbaycanın düşmən üzərində qələbəsini qeyd etdiyimiz kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Sevinirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əməyim olub.
İlham Əkbərov iki qız övladının – dörd yaşlı Xatirənin, iki yaşlı Melisanın atasıdır. Evin yeganə oğludur. Atası İntiqam “Qarabağ” veteranıdır. Ailəsi. valideynləri ona qovuşduqlarına görə sevinclərinin həddi-hüdudu yoxdur.
Bizdə əsgər ailəsinə qazi İlham Əkbərova gözaydınlığı verir “Sevinciniz həmişə bol olsun deməyi” özümüzə borc bildik.

Gülnar Əsədli
Nicat Raufoğlu