O ,dünənə qədər yazılan tarixi şagirdlərinə tədris edirdi.Bundan sonra isə özünün 43 gün ərzində yaşadıqlarını həvəslə,fəxarətedici diləklə şagirdlərinə anladacaq.Bəli müsahibimiz Vətən müharibəsinin iştirakçısı qazi Heydər Əkbərovdur.
Heydər Əkbərov 1994-cü il sentyabrın 10-da Ərçivan qəsəbəsində anadan olub.Qəsəbə 2 saylı tam orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin təbiət fakultəsinə daxil olub.Tələbə həyatından sonra təyinatla Yardımlı rayonunun Əvcədulan kənd ümumi orta məktəbində tarix –coğrafiya müəllimi kimi fəaliyyətə başlayır.Orada bir il çalışandan sonra Sım kənd tam orta məktəbinə təyinatını verirlər.İşlədiyi məktəblər,yaşadığı qəsəbədən uzaq məsafədə yerləşməsinə baxmayaraq o həvəslə sevdiyi peşəsində çalışır.
2016-cı ildə hərbi xidmətə yollanır.Goranda qulluq edən gənc müəllimə aprel döyüşlərində iştirak etmək qismət olub.Vətən müharibəsi başlananda o da bir çox yaşıdları kimi müharibəyə yollanır.Şagirdlərinə Qarabağdan,Azərbaycanın ərazi bütövlüyündən danışan müəllim o torpaqların azad olunmasının canlı şahidi olur.Döyüşlərdə topçu köməkçisi vəzifəsini icra edir.
Noyabrın 8-də Füzulini kəndlərindən birinin alınması zamanı düşmənin əks hücumu nəticəsində sağ ayağından (dizdən aşağı )yaralanıb.O qələbə sorağını Oğuzda xəstəxanada eşidib.
Noyabrın 20-də əzizlərinə qovuşan Heydər Əkbərovun görüşünə gələn el – oba ,müəllim yoldaşları və şagirdlər onunla yataqda görüşərkən istər-istəməz təsirlənirlər.
Heydərin qardaşı Abbas da ali təhsillidir.Onların ali təhsil almağında böyük zəhməti olan nənəsi Mədinə xanım deyir ki 24 nəvəm bir yana Heydər bir yana…Atasının adını nəvəsinə qoyan nənə Vətən müharibəsinin iştirakçısı kimi onunla çox qürur duyur.
Heydər Əkbərov söhbətimizin sonunu belə tamamladı:
- Aprel döyüşlərində çox şəhidlər gördüm,yoldaşlarımı itirdim.Şəhidlik zirvəsi hər kəsə nəsib olmur.Döyüşdə şəhidliyin,yaralanmağın özgə ləzzəti var.Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.İllər boyu həsrətlə gözlədiyimiz qələbəyə nail olduq.
Gülnar Əsədli, Əfsun Ələskərli