44 günlük müharibənin 30 günü dayanmadan döyüşən Dilavər Fərziyev Astarainfo.az-a danışdı.Torpaqlarımızın azadlığı uğrunda can qoyan igidlərimizdəndir Dilavər.Qarabağ savaşında qatıldığı ilk döyüşlərdən idi bu səfər döyüşü.Ard-arda qazandıqları uğurlar qəhrəman döyüşçünü və silahdaşlarını növbəti hücumlara ruhlandırır.Saatlarla yuxusuz qalsalar belə o , qələbə inamını itirmir.Hətta dumanlı gecələrdə kəşfiyyata çıxarkən pusquya düşəndə də.

Yaralı olmağına baxmayaraq şux hərbiçi libasında qarşıladı bizi.Ağrılarını biruzə verməməyə çalışırdı.Sol tərəfdən çoxlu qəlpə yarası almışdı.Söhbətarası yaralarının sızladığını hiss edirdik.

-Niyə əlini- qolunu sarmamısan? Axı səni incidir,özünə əziyyət edirsən,- dedik.Dilavər isə cavabında:

“ Boş şeydir, şişirtməyə ehtiyac yoxdur”-deyə cavab verdi.

O, 2019-cu il yanvarın 4-də əsgər gedib.Hərbi xidməti başa vurub evə qayıdır.2020-ci il avqustun 15-də isə  müddətdən artıq hərbi xidmətə gedir.Anası deyir ki,uşaqlıqda ən çox sevdiyi oyuncaq avtomat olub.

– Uşaqlıqdan arzulamışam ki,hərbçi olum. Həqiqi hərbi xidmətdə Sərhəd Qoşunlarında –Gürcüstanla sərhəddə xidmət etmişəm.Amma xidməti başa vurub evə qayıtdıqdan sonra qərara gəldim ki, hərbçi olacağam və sənədlərimi düzəldib Milli Orduya getdim.

Mərdan,Sərhəd,Asim kimi özündən yaşca böyük olan hərbçi dostlarının  məzuniyyətə gələn zaman etdiyi söhbətlər onda uşaqlıqdan hərbiyə böyük sevgi yaradıb.

-Bibim oğlu-Amid Tahirov, əmim oğlu-Nahid Fərziyev ,dostum-İntiqam Eynullayev   də  hazırda cəbhədədir.Bizim tərəfdən könüllü döyüşə gedənlər çoxdur.

Dilavər Xüsusi Təyinatlı Əməliyyat  taboru-Həmlə taborunun  üzvü olub.Döyüş yolu Cəbrayıl, Füzulinin -Şabandağlı,Yuxarı Əbdurrəhmanlı,Horadiz,İlandağ ,Vodafron və s kəndlərindən keçib,bir çox postları alıblar.Füzulidə yuxarı Əbdulrəhmalı kəndində yaralanıb.Düşmən postuna hücuma keçən vaxt mərmi düşməsi nəticəsində sol tərəfindən cənəsindən,qolundan və ayağından çoxlu qəlpə yarası alıb.

“Bədənindəki qəlpələr səni narahat edirmi?”- sualına:

-Döyüş yoldaşlarımın ,qardaş dediyim oğlanların şəhid olması məni çox sarsıltdı,başqa heç nə üçün narahat deyiləm.Özümün yaralanmağım boş şeydir-dedi.

Dilavəri  ən çox məyus edən  məqam isə başqadır:

-Heç istəməzdim belə tez yaralanıb  döyüş meydanını tərk edim.Şuşaya getmək istəyirdim.Özüm namazqılanam.Şuşada məscid var.Orada azan verib ,namaz qılacaqdım.Sonuncu tapşırığımız o idi.Çox təəssüf edirəm ki,bu arzuma çata bilmədim.

Sonuncu  hücüm etdikləri post çətin mövqedə olub.Əvvəlki cəhdlərdə alına bilməyən posta Dilavərgilin taboru daxil ola bilib.

 -Ora hücum elədik.Amma özümüz  pusquya düşdük.Şəhid və yaralananlar oldu. Bir neçə dəfə pusquya düşmüşük,amma geri qayıtmamışıq.Həmin mövqedə durmuşuq. Çox önəmli strateji yüksəkliklər alırdıq.Heç bir halda geri çəkilmək istəmirdik. Yalnız irəli komandası verilirdi.

Dilavər , “Evinizə xoş gəlmisiniz”  deyən erməni əsir qadından da danışdı.

-Bizim bölük onları tutmuşdu.Qadın snayperçi idi,özü kəşfiyyatın böyüyü idi.

 Tüləgivan kəndi üçün ənənəvi olan sitrusçuluqla məşğul olub,halal zəhmətlə  ailə saxlayan atası Hilal Fərziyev də oğlunun göstərdiyi şücaətlərlə qürur duyduğunu bildirdi.

-Ötən yay süfrə başında idik.Hələ müharibə olacağını heç kəs bilmirdi.Dilavər bizə dedi ki,hərbçi olmağı qərara alıb. “Görərsiniz,mən hərbçi olacağam və Qarabağı alacağam”-dedi. 7 övladım var.Dilavər altıncısıdır.Mən onun seçdiyi peşə ilə də ,ordumuzun çaldığı zəfərlərdə oğlumun payının olması ilə də fəxr duyuram.

Anası Təranə xanım  deyir ki,həddən ziyadə nigaran günlər keçiriblər.

Müharibə başlanandan bütün analar kimi səksəkəli,həyəcanlı günlər yaşamışam.Uzun müddət fasilələrdən sonra Dilavərlə telefonda danışa biləndə qurban kəsirdik. Bizimlə gec-gec əlaqə saxlayardı.Günlərim,gecələrimiz  namaz qılmaq,dua etməklə keçirdi.Oğlum Fərasət bütün əsgərlər üçün Quran tilavat etdi.Allaha şükür ,qələbə bizim oldu.

Ana nə qədər fəxarətlə danışsa da şəhidlərimizdən ,qazilərimizdən ötrü narahat olduğu da hiss olunurdu.

Hazırda bədənində qəlpələr gəzdirən ,qolunu normal işlədə bilməyən vətənpərvər döyüşçü isə məzuniyyət vaxtının bitməsini səbrsizliklə gözləyir.Hərbçi kimi Vətən Müharibəsində iştirakına görə sevincinin həddi-hüdudu yoxdur.Dilavər yaralandığını vecinə almayaraq  “Bunlar boş şeydir,təki Vətən sağ olsun”-deyəndə onun nə qədər vətənpərvər olduğu anlaşılırdı.Müharibədə şəhid olan yoldaşlarının ölümündən  (döyüş yoldaşı Ərçivanlı Sadiq Bağırzadə gözünün önündə şəhid olub) təsirlənən Dilavər onların xatirəsini əziz tutaraq hərb sahəsində hərbi təhsil almaq,ömrünü Vətən keşiyində durmağa həsr etmək arzusundadır.

Artıq o günlər geridə qaldı.Qazandıq,əsgərlərimizin canı və qanı bahasına.İgid əsgərlər,Azərbaycan xalqı qarşısınızda baş əyir .Bizə yaşatdığınız zəfərə görə.

                                                                                   Əfsun Ələskərli, Gülnar Əsədli