Vətən müharibəsində iştirak edən qəhrəman el oğullarımızla görüşüb,onlarla yaxından tanış olduqca bu gənclərin vətənpərvər duyğuları bizi sevindirməklə yanaşı,təsirləndirir.
Bu dəfə Astarainfo.az-ın yolu sitrusçuluğun ilkin məskəni olan Kijəbəyə – Ojəkəran və Tüləgivan kəndlərinə düşdü.Dolanbac ,palçıqlı yollarda bu kəndləri,qəhrəmanlarımızın yaşadıqları evləri,çətinliklə olsa da qürur hissi ilə axtarıb tapırdıq. Astaranın hər yerində olduğu kimi Kijəbədən də 100-ə yaxın gənc Vətən müharibəsində iştirak etmişdir.Könüllü və ya qismən səfərbərlik elan ediləndən sonra Vətən torpağını azğın düşməndən qorumağa gedənlərin hər biri “Biz Qarabağı alacağıq” –söyləmişdilər.İgid ərənlərin diləkləri çin oldu.Torpaqlarımız azad edildi.Qarabağ Azərbaycandır nidası bütün dünyada əks səda doğurdu.
Malid Qənbərov Möysüm oğlu 1995-ci il avqustun 1-də Ojəkəran kəndində zəhmətkeş ailədə anadan olub.2012-ci ildə Lovayn kənd orta məktəbini bitirib.2013-cü ildə ordu sıralarına çağırılıb.Hərbi xidmətini başa vurduqdan sonra kənddə təsərrüfatla məğul olub.Ailəlidir,Yüsra adlı bir körpəsi var.İkinci körpəsi işıqlı dünyaya göz açacağı anda hərbi komisarlıqdan ona bildiriş gəlir. O da cəsarətlə ,ürəklə döyüşə yollanır.Müharibədə bir müddət sürücülük edir.Daha sonra atıcı briqadasına düşür.
Sentyabrın ikisindən doğmalarından ayrılan Malid Ağcabədidə,Füzulidə,Xocavənd,Laçın,Şuşada yaşadıqlarını dilə gətirməkdə çətinlik çəkirdi.Noyabrın 8-də Şuşada yaralananda ilk saatlar özündə olmayıb.Gözünü xəstəxanada açanda sağ qolundan ağır yaralandığını anlayıb.
Malid bir neçə gündür ki,doğmalarının yanındadır.Azərbaycan ordusunun qələbəsinə sevinsə də içindəki narahatlıq üzündən duyulur.Baxışlarından oxunan sualları o ,beləcə cavablandırdı:
- Döyüşdə sağ qolumdan ağır yaralansam da ordumuzun qələbəsinə çox sevinirəm.Amma döyüş yoldaşlarımdan ayrı düşdüyümdən təəssüflənirəm.Onlardan ötrü çox darıxdığımdan yanlarına getmək istəyirəm.
Xatırladaq ki,Malidin qardaşı Amid 2016-cı ildə hərbi xidmətə yollanıb.Ordudan təxris olunduqdan sonra hərbidə qalıb çalışmağı özünə şərəf bilib.Hazırda vətənin keşiyindədir.Malidin kürəkəni Elçin, əmisi Əlihüseynin oğlanları-könüllü orduya yazılan Veysəl və qardaşı Orxanın Vətən müharibəsində özünəməxsus payları var.
Bu vətənpərvər gənclərin ata babası Manaf kişi Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərdiyinə görə orden və medallarla təltif edilib.Əmiləri ehtiyatda olan zabit Kamil Kamilov 1990-1994 cü illərdə döyüş bölgələrində əsgərlərə maddi və mənəvi dəstək göstərənlərdən olub.Onu da qeyd edək ki,Kamil Kamilov Vətən müharibəsi başlanandan Ali Baş Komandana dəfələrlə təşəkkür məktubu ünvanlayıb,Silahlı Qüvvələrə yardım fonduna öz pensiyasından maddi yardım göstərib.
Bütün bunları xatırladıqca döyüş yoldaşlarından ayrı düşən,Vətən torpağının keşiyində durmaqdan ötrü darıxan Malidin haqlı olmağını anlayırsan.
Gülnar Əsədli , Əfsun Ələskərli