Allahın ən böyük əsəri olan insan dünyaya gələndən sonra ömür yolunu
mərhələ-mərhələ yaşayır və yaşantıları hafizəsinə həkk olunur.O da hamı kimi doğuldu.Amma həyatda qədəmlərini atandqa fərqli cəhətləri yaşıdlarından seçildi.Ona görə də istər valideynləri,istərsə də başqaları “bu uşaqdan nəsə çıxacaq” deyirlər.
Aylar illəri adlayır.O, məktəbə getməzdən əvvəl,yəni dörd yaşında ikən öyrəndiyi Azərbaycan himnini şirin uşaq dili ilə tez-tez söyləməkdən xoşlanırmış…Bəli,söhbətimiz Azərbaycan şəhidi haqqındadır.
Hüseynov Şahnur Şahin oğlu 1991 –ci il noyabrın 30-da Polşanın Belqoqrad şəhərində anadan olub.Hərbçi atasının işi ilə əlaqədar sonralar Azərbaycana köçüblər.Atası əvvəlcə Cəlilabad,Ağcabədi,sonralar istefaya çıxana qədər Füzuli rayonunda çalışıb.Şahin Hüseynov Ukraynada hərbi məktəbi bitirib.Yəqin ki,oğlu Şahnur da atasının keçdiyi şərəfli yoldan bəhrələnib.
Şahnur 1-ci sinfdən 8-ci sinfə qədər Füzulinin Əhmədbəyli kəndində ikinci Mahmudlu orta məktəbində oxuyub.Sonrakı təhsilini C.Naxçıvanski adına hərbi lisey və H.Əliyev adına Ali Hərbi məktəbində tamamlayır.2013-cü ildə məktəbin məzunu Şahnur “N saylı” hərbi hissədə uşaq ikən arzuladığı işdə fəaliyyətə başlayır.”Tabor komandiri” ,”Taborun qərargah rəisi”, ”Xidmətdə fərqləndiyinə görə batalyon tağım komandiri” olan həmyerlimiz nizam-intizamlı hərbçi kimi seçilir.Vətənin üstünü qara buludlar alanda Aprel döyüşlərində yüksək göstəricilər göstərir.Lələtəpə yüksəkliyində Azərbaycan bayrağını sancanlardan olur.Bu münasibətlə o “Azərbaycan Silahlı Qüvvələrinin 100 illik medalı” ilə təltif olunur.
Şahnur Hüseynov 2017-ci ildə ailə həyatı qurur.İlk dəfə məktəbə getdiyi,”Ana” və “Vətən” sözlərini öyrəndiyi Füzuli rayonunda ona toy-büsat qurulur.Orta ixtisas təsilli Gülyazla ailə həyatı qurmağına çox sevinir.Ona bağışladığı suvenirdə “dünyanın ən yaxşı həyat yoldaşına ömür boyu birlikdə olmaq diləyi ilə ….”yazdırsa da, çox heyif ki, ondan və 2 yaşlı körpəsi Əlinurdan əbədi olaraq ayrılır və şəhidlik zirvəsinə ucalır.Məktəb illərində “gələcəkdə general olacağam” söyləsə də zalım fələk muradını gözündə qoyur.
Həyat qəribəliklərlə doludur.4 yaşında Füzulidə ikən Azərbaycan himnini öyrənən ,burada təhsil alan,hərb sahəsinə qədəm qoyan kapitan Şahnur Füzuli istiqamətində gedən döyüşlərdə canını fəda edir. Füzuli rayonunun azad olunmasında Ohanyan səddini yarıb qələbəyə yol açan batalyon komandiri kapitan Şahnur Hüseynov 44 gün davam edən Vətən müharibəsinin ilk şahidlərindən olub.
Bu günlərdə qəddi əyilmiş,dili söz tutmayan ata və gözləri nəmli,qəlbi yaralı,dili qubarlı ana ilə çətinliklə bir qədər söhbətləşdik.Onlar nə qədər yanıqlı olsa belə övladları ilə qürur duyduqları da hiss olunurdu.
Tovuz hadisələrindən sonra Şahnur atasına zəng vurub ailəsini gətirməyini tapşırır.Kim bilir bəlkə də ürəyinə damıbmış ki, bu son görüşləri olacaq.Bir müddət körpəsi Əlinurla əylənir,ailəsinin nazını çəkir.Dildə onlarla deyib-gülsə də qəlbində Vətənin başına gələnləri düşünür.Sentyabrın 25-də körpəsi ilə görüşüb,sevimli Gülyazla vidalaşmadan evdən ayrılır.Yəqin ki, gözlərindəki təşvişi yoldaşı sezməsin deyə…
Sentyabrın 27-də valideynləri oğlunun əmanətini ailəsini Ərçivana gətirərkən gənc kapitan təxribatçı düşmənə zərbə endirmək üçün əks hücumda olur.Qızğın döyüşlərdə ən çətin sədləri yarır və qəhrəmancasına da şəhid olur.Ailəsi ata yurduna çatar-çatmaz valideynlərinə telefonla ağır xəbəri çatdırırlar….
Oğlunun ölümünə yanıqlı bayatılar həsr edən Hədiyə ananın diləyi:
Bir neçə gün əvvəl ciyərparamın 29 yaşını onsuz qeyd etdik.Artıq anlayıram ki,Şahnurumu-gözümün nurunu bir daha görməyəcəyəm .Balam elə uşaqkən hərbçi olub.Tapşırılan işi olduğu kimi yerinə yetirərdi.Özündən kiçik bacısına həmişə qayğı göstərərdi.Biz nəsillikcə ibadət edənik.Şahnurum da kiçik yaşlarından namaz qılıb,oruc tuturdu.Balamın qismətində şəhidlik var imiş. Bizi tərk etsə də bilirəm şəhidılər cənnətdə məskunlaşacaq.Ciyərparəmi unutmaq çətin olsa da Şahnurumla qürur duyuram.Bütün şəhid analarına demək istərdim ki,şəhidlik zirvəsinə ucalan övladlarımıza ağlayıb-sızlamaq yox,onlarla qürurlanmaq haqqımızdır.
Şahnur Hüseynovun döyüş yoldaşları,əzizləri onun igid,qorxmaz,cəsur kapitan,ağır təbiətli,azdanışan,mehriban,səmimi bir gənc olmasından söhbət açanda düşündüm ki,Vətən üçün onun ərazi bütövlüyündən ötrü şəhid olan Şahnur Hüseynovla doğrudan da fəxr etməyə dəyər.
Anasının bir otaqda əzizlədiyi əşyaların hər biri- şəxsi heyətinə dərs keçdiyi lövhədə yazılmış sözlər,xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar,medallar,suvenir və hədiyyələr,saatlar,avtomatlar,tapançalar,”Ən yaxşı taqor kuboku”,hərbi geyimli şəkillər,çantalar,paltarlar ömrünü hərbi aləmə etiqadla məhəbbətlə sərf edən vətənpərvər bir gənci göz önündə canlandırmağa imkan verir.
General olmaq arzusunda olsa da əhdinə vəfa qılmayan şəhidimiz Ərçivan qəsəbə qəbiristanlığında uyuyur.Baş daşına həkk olunan şəkildə vüqarlı baxışla ziyarətinə yaxından –uzaqdan gələnləri “seyr edir”,sanki onun nurlu simasından “Şəhidlərə ölü deməyin” nidası oxunur.
Sonda onu da qeyd edək ki, şəhid eloğlumuzun xalası yoldaşı Elçin,dayısı Ayaz,bacısı yoldaşı Vüqar və bir çox yaxın dostları Vətən keşiyində durmağı Şahnur kimi özlərinə şərəf bilirlər.
Gülnar Əsədli