Rayonda aktiv ictimai fəaliyyətilə öndə olan Abbas İbrahimlinin  Vətən müharibəsindən danışdıqları.

Öncə qazimizi   sizə  tanıdaq:

Astara şəhər Qum küçəsində Rövşən İbrahimovun ailəsində dünyaya göz açan  Abbas İbrahimli 2009-cu ildə orta məktəbdən məzun olub.2013-cü ildə Astara Pedaqoji Kollecini Bədən tərbiyəsi və idman fakültəsini  atletika müəllimliyi ixtisası üzrə fərqlənmə ilə bitirib. 2013- cü il iyulun 18-də həqiqi hərbi xidmətə yollanıb.Naftalan şəhərində xidmət edib.2015-in yanvarın 2-də xidmətdən  tərxis olunub.İlk əmək fəaliyyətinə Astara çay fabrikində başlayıb. Daha sonra Astara bələdiyyəsində, Əmlak məsələləri dövlət komitəsinin Masallı rayon şöbəsində , Astara rayon  İcra və Probasiya şöbəsində çalışıb.

Hazırda Abbas İbrahimli Gənclər və İdman idarəsində Gənclərlə iş üzrə nümayəndə ,könüllülər üzrə koordinatordur.

-Tovuz hadisələri zamanı Polad Həşimovun ölümündən sonra bir portal yaratmışdılar ki,orada könüllülər qeydiyyatdan keçirdi,mən də orda qeydiyyatdan keçmişdim.Bir müddət sonra oradan mənə zəng gəldi.Özüm haqqında bəzi məlumatları verdim və mənə çağırılacağımı dedilər.Çox sevindim.Sentyabr ayının 27-də telefonuma mesaj gəldi ki, siz xidmətə çağırılırsınız ,zəhmət olmasa qeydiyyatdan keçin. Oktyabr ayının 9-da Ağcabədiyyə yollandıq.2 gün təlim keçdik,forma ilə təmin olunduqdan sonra bizi Füzuliyə göndərdilər.Astaradan mənimlə bərabər gedən yoldaşlarım çox idi.Mən həmişə Xocalı faciəsi haqqında oxuyanda,Qarabağ hadisələrini televizorda verilişlərdə izləyəndə düşünürdüm ki,bunun qisası alınan gün olacaq.Mən də orada hökmən  iştirak edəcəyəm.

Abbas Füzuli ,Xocavənd,Hadrut istiqamətində gedən döyüşlərdə iştiak edib.Həqiqi hərbi xidmətdə tank əleyhinə tağımda tuşlayıcı vəzifəsini icra edən Abbas könüllü döyüşlərdə plomyotçu olub.

-Təəssüflər olsun ki, döyüşdə cəmi 13 gün iştirak edə bildim.Qubadlının kəndinə gedirdik,döyüş tapşırığı almışdıq. Düşmən bizim maşınımızı hədəf alıbmış.Maşınımızı partlatdılar.26 nəfər şəxsi heyət var idi.Mən də mərmi yarası aldım .

Alnında və yanağında qəlpələr var.Həmin an huşunu itirən,ağır kəllə-beyin travması alan döyüşçüyə təcili tibbi yardım göstərirlər bu təhlükəli məqamdan onunla yanaşı bəzi döyüş yoldaşları da xilas ola bilir. Onların taboru yaralıları təcili yardıma çatdırdıqdan dərhal sonra döyüş əməliyyatını icra etməyə davam edib.İstənilən halda, nə olursa olsun əsgərlərimiz fasiləsiz döyüşüblər.

-Bir döyüş yoldaşım yaralanmışdı ,o halda Qarabağ mahnısını oxuyurdu bizim üçün.Bu yol çətin idi,amma çox şərəfli idi.

-Bizə korpusdan gəlib döyüş əmri verdikləri zaman maşınlara minib gedəndə mahnı oxuyurduq,gülürdük,danışırdıq,- deyir müsahibimiz

-Heç nədən qorxmurduq, çünki bilirdik qələbə bizimdir.Biz hərbi hissədən çıxdığımız zaman  rayon camaatı küçələrə axışırdı.Əllərində bayraq ,qışqırırdılar “Yaşa,Azərbaycan əsgəri!”,maşınlarla gəlib yanımızda şüarlar səsləndirirdilər.Maşınımıza ərzaq və başqa ləvazimatlar atır,bizə xeyir-dua veridilər.

O deyir ki, mülki əhalidə olan  böyük ruh yüksəkliyi ,qələbəyə olan ümid və inam onları  motivasiya edən əsas səbəb olub.

Rayonda daim aktiv gənc olan Abbas ,döyüşlərdə də əsgər yoldaşlarında ruh yüksəkliyi yaratmaq üçün əlindən gələni edib.Bir aydan çox hospitalda müalicə alan əsgər,yaralandığını ailəsinə bildirmir.

Nənəsi Səmayə İbrahimova deyir ki, Abbas döyüşdə olanda fikirdən yatağa düşmüşdüm.Amma  Abbas gələnə yaxın gözəl yuxu görmüşdüm .Ürəyim rahat idi ki,nəvəm sağ-salamat gələcək.

Anası Firəngiz xanımın  da fikrləri bizim üçün çox maraqlıdır.:

 -Bütün əsgər anaları kimi mən də Allaha gecə-gündüz dua etməklə qəlbimi ovundururdum.Tez-tez qulağıma Abbasın çağırmağı gəlirdi. Hər kəsin səsini Abbasın səsinə bənzədirdim.

Abbas İbrahimli dövlətimizin qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçımıza minnətdar olduğunu dedi.

Əfsun Ələskərli