Vətən övladları-qazilər

 

Azərbaycanda 44 gün davam edən Vətən müharibəsində respublikanın hər bölgəsindən yüzlərlə igid övladlarımız iştirak etmişdir.İnformasiya əməkdaşları kimi növbə ilə onlarla tanış olub ,xatirələrini qələmə alırıq.Bugünkü müsahibimiz baş leytenant Elnur Babayevdir.

 

                         Hay ver mənə ,cənab leytenant…

Bu ifadə yəqin ki,sizlərə də Şəmistan Əlizamanlının oxuduğu mahnını xatırlatdı.Elə düşüncələrimizdəki mahnı ilə də qazi Elnur Babayevgilə yollandıq.Həyət qapısının girəcəyində oynayan uşaqlarla qarşılaşdıq.

-Evdə kim var,-deyə sorduqda bir oğlan uşağı təbəssümlə “Elnur Babayev və anam”,-deyib yuxarı qaçdı. Uşağın danışığı qəribə görünsə də ,əslində, onun qəlbindəki iftixar dilində duyulurdu…

Babayev Elnur Əlihüseyn oğlu 1979-cu il iyulun 24-də Astarada ziyalı ailəsində anadan olub. İki müəllimin tərbiyəsi ilə ailədə 3 oğlan böyüyüb.Elnur şəhər 2 saylı tam orta məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetinin “Yerüstü nəqliyyat vasitələri” fakültəsinə daxil olub.

2000-ci ildə ali təhsilli mütəxəssis tərəddüd etmədən Bakıdakı otellərin birində aşpaz kimi fəaliyyətə başlayır.Sonra “N saylı” hərbi hissədə tağım komandiri ki hərbi xidmətini başa vurur.Rusiyada iş adamı kimi tanınandan sonra rayona qayıdır.Bir neçə bankda çalışır.Hazırda Astara Gömrük postunda deklorasiya şöbəsində operatordur.Ailəlidir.4-cü sinfdə oxuyan Əli və 2-ci sinfdə oxuyan Aylinin atasıdır.

   

– Elnur xoş gördük,necəsiniz?Bağışlayın, sizi narahat edirik.

 

-Sağ olun ,zəhmət çəkib gəlmisiniz,sadəcə bir qədər ağrılarım var.Onu da görüşümə gələnlərin ,bir də qayğıkeş ailəmin sayəsində unutmağa çalışıram.

 

– Vətən müharibəsindəki xatirələrini bizimlə bölüşməyinizi istərdik

 

  • Sentyabrın 20-də rayon hərbi komissarlığından mənə zəng gəldi.Aldığım məlumat dəqiq olsa da ailəmə heç nə bildirmədim.Sabahısı da onları həyəcanlandırmadan Vətən qarşısında borcumu vermək üçün yola düşdüm.Beyləqan,Ağcabədi,Cəbrayıl rayonlarında yaşadıqlarım hafizəmə həkk olunub. Təəssüf ki, Cəbrayılın alınmasından sonra Qubadlı istiqamətində əməliyyat tapşırıqlarını icra edərkən oktyabrın 14-də sağ qolumdan ağır yaralandım.Düşmənin atdığı minomyot mərmisinin partlaması nəticəsində şəhidlərimiz də oldu. Ona görə təəssüflənirəm ki ,sonrakı döyüşlərdə iştirak edə bilmədim.Müharibədə tağım komandiri kimi rəhbərlik etdiyim 20 əsgərin qayğısına qalmaqla məsuliyyət daşıyırdım.Hər bir əsgər Vətən torpaqları uğrunda ruh yüksəkliyi ilə döyüşürdü.
  • Bir aydan çox hərbi hospitallarda müalicə almışam.Rayonlarımızın azad olunması xəbərini də elə xəstəxanalarda eşidib sevinmişəm.Evə qayıdandan sonra da ailəmin,xüsusən də oğlum Əlinin “ata,mən səninlə fəxr edirəm” deməsi məni fərəhləndirir.

Əlinin iftixarını elə qapının girəcəyində duyduq.Onun atam yox,Elnur Babayev söyləməsi bizə çox xoş təsir bağışladı.Əslində,Azərbaycanın bütün şəhidləri,qaziləri bir ailənin yox ümumən Azərbaycanın iftixarıdır.Onların hər biri ilə fəxr edir,quru duyuruq.

Gülnar Əsədli, Əfsun Ələskərli