Vətən müharibəsinin iştirakçısı ,yenicə müharibədən qayıtmış qazi ilə görüşmək ümidi ilə Süparibağa üz tutduq.Lakin kəndə çatanda onun müayinədə olduğunu söylədilər.Geri qayıdarkən Məscidməhəllə kəndindən yeni qazinin gəldiyini öyrəndik.Soraqlaya-soraqlaya axtardığımızı tapdıq.Həyətdə bizi anası qarşıladı.Oğlunun gəlişi ilə əlaqədar anaya gözaydınlığı verəndən sonra onunla yuxarı-evə qalxdıq.Qazinin nənəsi Seyidbəyim qəhrəmanımızı o ki var,öydü,əzizlədi və kövrəlmiş halda dedi ki,çox cavanlar itimişəm .Allaha şükür, nəvəm yaralı da olsa qayıdıb məni sevindirdi.
Çox çəkmədi ki, iki əl ağacına söykənən qazi Ağanur Ağazadə qarşımızda durub bizimlə salamlaşanda,istər –istəməz təsirləndik.
Ağanur Ağazadə 1992-ci il oktyabrın 30-da Məscidməhəllə kəndində doğulub.Atası Mirisa,anası Validə təsərrüfatla məşğuldurlar.Bu sadə,zəhmətkeş ailədə 3 uşaq böyüyüb,boya-başa çatıb.Ailənin ilki Ağanur 10 aylıq körpə ikən Füzuli rayonu işğal edilib.Kim bilir bəlkə də o zaman Ağanurun taleyinə Füzulinin işğal olunması yazılıbmış….
2015-ci ildə Süparibağ kənd orta məktəbini bitirən Ağanur Ağazadə 2016-cı ildə hərbi xidmətdə olub.Aprel döyüşlərinin iştirakçısı 2020-ci ilin avqust ayında müddətdən artıq hərbi xidmətdə qalmaq üçün müqavilə imzalayıb.Vətən müharibəsi başlananda baş atıcı kimi döyüşlərdə iştirak edib.Oktyabrın 4-də Füzulinin alınmasında xüsusi şücaətləri olan və ağır yaralanan Ağanur döyüş günlərini bizə beləcə nəql etdi:
-Bizim hərbçilərin qoçaqlığı qarşısında düşmən tərəf tab gətirə bilmirdi. Sizə belə bir məqamı deyim , döyüş zamanı düşmənin qoyub qaçdığı hərbi texnikanı,tankları, silahları ələ keçirirdik.Sonra isə bu silahlardan düşmənin özünə qarşı istifadə edirdik.Bu bizə xüsusi zövq verirdi.
Hərbidə çalışmağı çoxdan arzulamışdım.Arzuma çatdım.Təəssüf ki,müharibədə sonadək iştirak etmədən yaralandım.Axşamçağı idi.Səngərdə yoldaşlarım ilə durmuşduq.Düşmənin atdiği minamyotdan sıçrayan qəlpələrdən başım,qollarım,iki ayağım zədələndi.Biləsuvarda sağ ayağımda 5 yerdən əməliyyat olunmuşam.Bakıda bir aydan çox hərbi hospitalda yatmışam.Ayağımda çoxlu qəlpələr var.Hələlik həkimlər bir söz demir.Hərbiyə geri qayıtmaq üçün yararsız olacağımdan yaman qorxuram.Axı bu peşədə çalışmağı çox arzulamışam.Nə bilim,qismətimdə nə varsa onu da görəcəyəm.
8 yaşında idmanın karate,sonralar güləş növü ilə məşğul olan Ağanurun zona,respublika yarışlarında çoxlu qələbələri olub.
Onu da bildirək ki,Ağanurun bacısı yoldaşı Rüfət Hüseynov,bibisioğlu Cəlal Ağayev Vətən müharibəsinin,xalası oğlu Çingiz birinci Qarabağ müharibəsinin iştirakçılarıdırlar.
Azərbaycan qazisi ilə görüşüb ,xoş diləklərlə ayrıldıq.
İnşallah,Ağanur Ağazadə tezliklə sağalacaq və çox sevdiyi hərbçi peşəsində yenidən çalışacaq.
Əfsun Ələskərli, Gülnar Əsədli