“İnkişaf Zamanı” proqramı çərçivəsində “Education Hub”ın təşkilatçılığı və MitOst Assossiasiyasının dəstəyi ilə həyata keçirilən “Məktəblə Arama Məsafə Qoyma” təşəbbüsü uğurla başa çatıb.

Astarainfo.az xəbər verir ki, “Məktəblə Arama Məsafə Qoyma” təşəbüsü 24 Oktyabr- 28 Noyabr tarixlərində baş tutub. Təşəbbüs çərçivəsində Quba, Qusar, Yevlax, İsmayıllı, Astara, Masallıdan olan 30-a yaxın məktəbli ilə birlikdə müxtəlif fəaliyyətlər həyat keçirildi.

Təşəbbüsün məqsədi kəndlərdə yaşayan uşaqların təhsilə marağının artırılmasına təşviq edilməsi, kənd uşaqlarının məktəbdən kənar məşğuliyyətlərdə iştirakını təmin etmək, uşaqlarda özlərinə inamı gücləndirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdir.

Bu məqsədlə 24 oktyabr-11 noyabr tarixlərində Quba və İsmayıllı rayon kəndlərindən dəvət olunmuş 13 məktəbliyə onlayn təlimlər keçirildi. Təlimlərdə sosial problemlər, təhsil və təhsilin formaları, sosial incəsənət, incəsənət alətləri, debat, onun quruluşu və prinsipləri mövzuları müzakirə edilib, interaktiv üsullardan istifadə olunub. Təşəbbüsün növbəti mərhələsində təlimlərdə iştirak etmiş məktəblilər arasında”Təhsilsizlik sosial problemlərin əsas səbəbidir” mövzusunda online debat oyunları baş tutub.

 

Təşəbbüsün növbəti mərhələsində 15 noyabr tarixində kənd məktəblərində təhsil alan şagirdlər üçün online TfD çıxışlar təşkil edilmişdir.Görüşdə Quba, Qusar, Yevlax, İsmayıllı, Astara, Masallı rayon kəndlərindən 30-a qədər şagird iştirak edib.

Görüş zamanı spikerlər Elvin Dadaşsoy, Mehin Cəbrayılova, Aynur Zərrintac, Lalə Rəsulova, Ülviyyə Babasoy şagirdlərdə təhsilə maraq oyatmaq, onlarda özünə inamı artırmaq üçün öz uğur hekayələrini və təcrübələrini bölüşüb.

Son olaraq, təşəbbüs çərçivəsində Yevlax rayon Rüstəmli kənd orta məktəbinin divarlarına, sinif otaqlarını şagirdlər üçün daha rəngarəng etmək üçün həmin məktəbin şagirdlərinin iştirakı ilə rəsmlər çəkilib ,rənglənib.