Vətən müharibəsində əldə edilən qələbədə döyüşdə iştirak edən astaralı qazilərin də böyük payları var. Astarainfo.az xəbər verir ki, Astaranın Vəznəş kəndindən onlarla gənc Vətən müharibəsində iştirak üçün yola salınıb. Bu gün keçdiyi döyüş yolundan danışan qazilərdən biri bu kəndin sakini Müşfiq Abbasovdur. O, müharibənin ilk günü döyüşə qatılıb. Füzuli, Cəbrayıl istiqamətində döyüşən qazinin sonuncu döyüş yeri Cəbrayılın girişi olub. Həmin döyüşdə Müşfiq yaralanıb.
1989-cu il təvəllüdlü Müşfiq Zikrullah oğlu Abbasov 2011-ci ilin yanvarında müddətdən artıq hərbi xidmətçi kimi Milli Orduya yazılıb.İlk gündən orada aktivliyi,vətənpərvərliyi ilə hörmət qazanıb.Müsahibimizdən hərbiyə olan böyük marağının haradan qaynaqlandığını soruşduq.
-Mən həqiqi hərbi xidməti Beyləqanda etmişəm.Əsgərlikdə olduğum illərdə də ara-sıra atışma olurdu.Mənfur düşmən illər boyu öz pisliyindən qalmadı.Baxmayaraq ki,müharibə yox idi,yenə də düşmən atəşkəsi tez-tez pozurdu.Yaralananlar və şəhidlər olurdu.Mən bunlara şahidlik edərkən düşünürdüm ki,bu problem gec-te kökündən həll edilməlidir.Övladları hərbi xidmətdə olan analarımız qorxu,səksəkə içində yaşayırdı.
Müşfiq həqiqi xidmətdə olduğu zaman bu peşəni seçəcəyini qət edir.Valideynləri getmə desələr də o qərarının qəti olduğunu onlara bildirib.
-Bir mahnıda deyildiyi kimi :”Vətən anadır ,biz övladıyıq .Vətənə laiq olsaq,var olar.Çünki biz bu Vətənin adıyıq.”
Doğrudur,igid oğul Vətəni qoruyar.Müşfiqdən sonra kiçik qardaşı Rafiq də müddətdən artıq hərbi xidmətə gedib və gizir olub. Vətən müharibəsində döyüş maşını -BMP-2 nin sürücü müxaniki olan Müşfiq Aprel döyüşlərinin də fəal iştirakçısı olub. Bir neçə dəfə təhlükəli vəziyyət yaranıb, döyüş yoldaşları həlak olsa da Müşfiq sağ qalıb.Öldürməyən Allah öldürmür, deyirlər.
– Bir yerdə 21 nəfər idik,çörək yeyirdik,biz elə süfrədən qalxmışdıq ki,oraya minomyot düşdü.O vaxt – Aprel döyüşləri zamanı biz Xocavənddə idik.Bu dəfə də elə oldu ki,mən girdim erməni səngərinə,sonra maşınımın yanına minomyot düşdü.
Döyüşə girəndə heç kəsdə qorxu hissi yox idi. Bizim ordu hücuma keçəndə, ermənilər silahlarını atıb, qaçırdı.Bilirdilər ki,öldürməyə gəlirik,-deyir cəsur döyüşçü.
-Biz birinci səddi yaranda,demək olar ki,texniki heyət bir-biri ilə ,ötüşürdü.Hamı istəyirdi qabağa keçə.Qabağda mən gedim deyə yarışırdılar.O dərəcədə ruh yüksəkliyi var idi.
Sentyabrın 27-də 9 saat döyüşən Müşfiq elə həmin gün ağır yaralanır. Sinəsindən 2 güllə və çoxlu qəlpə yaraları alıb.
-Lələtəpə istiqamətini keçdik,Füzulidə 3 səddi yardıq.4-cü səddə yaralandım. Mənə güllə dəyəndə maşınımda hərbçilər var idi,onları arxa tərəfə apardım.
Qazimiz 5 dəfə əməliyyat olunub. Komadan 12 gün sonra ayılıb.Sol ayağında və qaraciyərində qəlpələr qalıb.Bir aya yaxın xəstəxanada müalicə alıb.
– Eldar həkim qapıda durub mənə baxdı,ağlayaraq geri çəkildi.Sabahısı gələndə niyə ağladığını soruşdum.Dedi, mən inanmadım ki,oyaq olan sənsən.35 ildir cərrah işləyirəm.Belə şey görməmişdim.Atamı yanımda görəndə ayın tarixini soruşdum.Dedi ki,sentyabrın 29-dur.Düşündüm ki, 2 gündür xəstəxanadayam.Görəsən, döyüş yoldaşlarım nə edir?
Müharibənin bitməsinə baxmayaraq ,döyüş xatirələrini danışarkən gözlərində narahatlıq,üzündə nədənsə bir təlaş hiss olunurdu,müsahibimizin.Bunun səbəbini soruşduqda isə o:
– Mən sağalan kimi o yerlərə qayıdacağam.Hərbini tərk edə bilmərəm.Mənim üçün çox dəyərlidir.Bir qazanda yemək yediyimiz dəyərli yoldaşlarımı itirdim. Əsirlikdə olan yoldaşlarımız var,murdar düşmən öz xəbisliyini göstərir.Onlar bizim əsirlərlə çox pis davranırlar.Siz televizorda görürsünüz ki,bizim dövlət əsirlərə qarşı necə humanistdir,amma onlar tam əksinə.İtkin düşən yoldaşlarımızın şəhid xəbəri gələndə (kövrəlir…)
Müşfiq kövrəlir və bütün ailə kövrəlir.Onların bütün ağrıları,kədəri və sevinci eyni anda yaşadıqları,ruhən bir-birlərinə nə qədər bağlı olduqları hər tərpənişlərindən hiss olunurdu.Müşfiqin canını yandıran isə bədənindəki yaralar deyildi.Bu vəziyyətdə də bütün fikri orada qoyub gəldiyi ,bir oturub ,bir gəzib ,bir yeyib,bir döyüşdüyü silah yoldaşlarının yanında idi.
Anası:
-Müşfiq evə gələndə 7 qurban kəsdik onun üçün.Oktyabrın 8-i mənim ad günümdür.Həmin gün Müşfiq komadan ayılanda mən yenidən həyata gəldim.
Qazinin atası deyir ki, kənddəki valideynlər kimi, o da oğlunu böyük sevinclə vətənin azadlığı uğrunda müharibəyə yollayıb. Onun keçdiyi döyüş yolu ata kimi onu qürurlandırır:
– Biz fəxr eləyirdik ki, oğlumuz Vətəninin bütövlüyü uğrunda döyüşüb. Oğlumun, eləcə də Azərbaycan əsgərinin əldə etdiyi qələbəyə çox sevindim. Bu böyük fəxr idi ki, oğlum da orda yaralandı. Mən indi qürurla gəzirəm.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Cəsur döyüşçü” medalı ilə təltif edilən hərbi qulluqçulardan biridir Müşfiq Abbasov.
Qazimizin evində körpə uşaqlar böyüyür. İndi atalarının onlar üçün Qarabağ tarixindən- şəhidlərimizin, qazilərimizin göstərdiyi şücaətdən danışılacaq çoxlu xatirələri var.
Əfsun Ələskərli