Siyatük kəndinin palçıqlı və dolanbac küçələrində qazi Asif Tağıyevin evini hündür dirəkdən asılmış bayraq nişan verir. Vətən müharibəsində qazandığımız qələbədə Tağıyevlər ailəsindən iki cəsur gənc- Asif və Ramid qardaşlarının da payı var.
Ailənin böyük övladı olan Asif 2012-ci ildə həqiqi hərbi xidmətə yola düşüb.Dövlət Sərhəd Xidmətində xidməti borcunu yerinə yetirib.O zaman çevik alayda təminatçı (MTT)vəzifəsini icra edib. 2014-cü ildən müddətdən artıq hərbi xidmətə başlayan hərbçi 3 il kəşfiyyatçı,2018-ci ildən bəri isə rabitəçi kimi xidmət edib.
Vətən müharibəsi başlananda Füzuli istiqamətindən döyüşə başlayır.Döyüş yolları Füzuli,Cəbrayıl,Hadrut,Şuşa,Daşaltıdan keçib.Şuşada düşmənin açdığı artilleriya atəşi nəticəsində baş nahiyəsindən yaralanıb.Ağır kəllə-beyin travması alan hərbçi 4-5 gün komada yatır.
Asif deyir ki,bütün hərbçilər bir məqsədlə yaşayır:torpaqlarımızı düşmən tapdağından azad etmək.
-Xarici mətbuatın bizim ordu haqqında söylədiyi fikirlər doğrudur. Bir-birimizə baxıb həvəslənirdik.Heç bir güllə,mərmi yarası biz qorxutmurdu.Bir addım belə geri çəkilmirdik.Şuşanı əlbəyaxa döyüşlə azad etmişik.
Anası Validə xanım deyir ki,oğlanları evə zəng etmədiyi günlər onun üçün çox ağır keçib.
-Yaralanmamışdan 1 gün qabaq yuxu gördüm yata bilmədim.Qardaşı Ramidə zəng etdim.Dedi ki,2 gündür o da qardaşı ilə danışa bilməyib.Sonra bizə xəbər gəldi ki,xəstəxanadadır. Gözümlə gördüyüm ana qədər inanmırdım ki,sağ-salamatdır.
Övladlarından xəbər tuta bilməyən valideynlər televizorun qarşısından bir an ayrılmırmış.Elə yaralı qazilərimiz də.
-Qələbə xəbərini xəstəxanada eşitdim.Gecə yarısı bir də ayıldıq ki,şəhərdə böyük coşqu var.Xəstəxanada mənimlə olan qazilərimizlə bərabər hamımız sevindik,kövrəldik.Hamımızda eyni düşüncə var idi ki, kaş bu xəbəri döyüş meydanında ayaq üstə eşidərdik.
Ailənin kiçik oğlu Ramidə isə qazilərin “kaş ki”,-dediyi anı yaşamaq nəsib oldu.O, hazırda Şuşada xidmətdədir.
“Oğul yetişdirmişik,Vətən üçün”-deyən ata isə oğullarının seçdiyi peşəyə ilk gündən ürəklə xeyir-dua verdiyini bildirdi.
Xalqımıza şəhidlərimizdən miras qalmış qəhrəmanlıq məktəbinin belə igid davamçılarıdır bizlərə qələbəni bəxş edən. Elə bir qələbə ki, hələ onun barəsində dastanlar qoşulacaq, qalaq-qalaq kitablar yazılacaq.
Əfsun Ələskərli