Oqtay Kazımi adına Astara Şəhər Uşaq Musiqi Məktəbinin məzunu Aysu Mustafazadə İspaniyada keçirilən “Talents of Europe” (Avropa istedadları) adlı beynəlxalq müsabiqənin 13-15 yaşlı pianoçuları arasında birinci dərəcəli diploma və laureat adına layiq görülüb.
Astarainfo.az xəbər verir ki, Aysu Mustafazadənin indiyədək iştirak etdiyi beynəlxalq müsabiqələrdən fərqli olaraq, dünyanın beş ölkəsindən olan nüfuzlu münsiflər heyəti müsabiqə iştirakçılarının müəllimlərinin də peşəkarlıq səviyyəsini xüsusi sertifikatla qiymətləndiriblər.
Sevindirici haldır ki, 100 mümkün baldan 93 bal toplayan Aysunun müəllimi Aybəniz Dadaşova müsabiqənin xüsusi sertifikatına layiq görülüb.
İki turdan ibarət beynəlxalq müsabiqənin şərtlərinə görə, hər tur üçün yalnız bir rakursdan, fasiləsiz çəkilmiş 8 dəqiqəlik çıxışı videoformatda yazaraq “YouTube” və digər sosial şəbəkələrə yükləməklə təşkilat komitəsinə ərizə ilə müraciət etmək olar.
Aysunun müvəffəqiyyətli çıxışı barədə münsiflər heyətinin yazılı rəyi gənc pianoçunun gələcək musiqi yarışmalarında daha yüksək nəticələrə nail olacağından xəbər verir.
Qeyd edək ki, Aysu Mustafazadə iştirak etdiyi dörd beynəlxalq müsabiqənin üçündə laureat adına, birində xüsusi sertifikata layiq görülüb. O, respublika müsabiqəsinin diplomantıdır.