Onunla demək olar ki, hər gün qarşılaşıram, iş otaqlarımız üzbəüzdür. O, hər gün işə gələndə birinci mənim qapımı açar, hal-əhval tutduqdan sonra otağına keçər. Arıq, bəstəboy, həmişə üzündə təbəssüm olan bu gənc Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadədir.
Vətən müharibəsi başlanandan sonra Turan bir müddət gözə dəymədi. Fikirləşdim yəqin ki, problemi var. Sonra öyrəndim ki, qonşum heç kimə xəbər vermədən könüllü Vətən müharibəsinə gedib…
Cəbhəyə könüllü gedənlər 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdıqdan sonra evlərinə qayıdırlar.
Yeni ilin ilk iş günü səhər saatlarında iş otağımın qapısını astaca döyərək, “Gəlmək olar” – deyib, hərbi geyimdə olan Turan Həsənzadə içəri daxil oldu. Onunla salamlaşıb görüşdükdən sonra “Dünən gəlmişəm. Hərbi komissarlığa gəlmişdim. Gəldim, sizinlə görüşüm, Yeni ilinizi təbrik edim” – deyərək, otağına keçdi…
Həsənzadə Turan Rafiq oğlu 1994-cü il iyunun 14-də Astara rayonunun Toradi kəndində anadan olub. O, 2011-ci ildə Lənkəran Dövlət Universitetinin tarixi-coğrafiya müəllimliyi fakültəsinə daxil olub, 2015-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır, kiçik dövlət qulluqçusudur.
Kiçik çavuş Turan Həsənzadə 2016-cı ilin Aprel döyüşlərində Tərtər və Ağdam rayonunda, həmçinin Talış kəndi ərazisində, Vətən müharibəsində isə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Cəsur döyüşçü müharibədə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Turan Həsənzadə ailəlidir, 1 oğlu var.
Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyev xalqa müraciətində deyib: “2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad edib. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.”
Bəli, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün hər bir azərbaycanlı Qələbə sevincini yaşayır. Bu Qələbənin qazanılmasında Turan Həsənzadə kimi minlərlə döyüşçülərimizin böyük rolu var. Biz onlarla fəxr edir, qürur duyuruq.
Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
Bağır Əliyev