Yanvarın 15-də saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonunun Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Astarainfo.az Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadla xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin və daha böyük sahəyə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində təqribən 2 hektar sahədə kol-kos və quru ot yanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarının da cəlb olunması ilə yanğın qısa zamanda söndürülüb.