Ötən ay İran Astarasının gömrük-keçid məntəqəsindən 456 milyon 331 min dollar dəyərində 753 min ton qeyri-neft məhsulu ixrac edilib.

Astarainfo.az  AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Kərim Rəsuli deyib. O bildirib ki, həyata keçirilən ixrac əsasən kənd təsərrüfatı, tikinti materialları, kimyəvi və qida, xalça, əl işləri sənayesinə aid məhsullarından ibarət olub.

K.Rəsuli deyib ki, ixrac olunan qeyri-neft məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artıb. Bəhs olunan dövr ərzində 138 milyon dollar dəyərində 215 min ton həcmində məhsul idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə 30 faiz azdır. Azalmanın səbəbi isə koronavirus pandemiyasıdır.

Gömrük rəisinin sözlərinə görə, idxal-ixrac əməliyyatı Azərbaycan ilə yanaşı, digər ölkələrlə də həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan ilə İran Astarası arasında quru, dəniz və dəmir yolu əlaqəsi mövcuddur. Bu gömrük-keçid məntəqəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün əhəmiyyətlidir. İran burada Azərbaycan üzərindən tranzit olaraq idxal-ixrac əməliyyatları həyata keçirir.