“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin iş adamlarının və Milli Məclisin deputatı Rəşad Mahmudovun iştirakı ilə Astara rayonunda şəhid və qazi ailələrinə sovqatlar paylanılıb.

Astarainfo.az Azərtac-a istinadla xəbər verir ki, Milli Məclisin deputatı Rəşad Mahmudov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri ilə birlikdə şəhid ailələrini ziyarət ediblər.

Söhbət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. “Tək millət, tək ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ehtiyaclarını ödəyəcək sovqatlar şəhid ailələrinə təqdim olunub.

Qeyd edək ki, “Tək millət, tək ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Prezident İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdir.