Astara rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon gənclərinin bir qrupu Ərçivan qəsəbəsində Vətən müharibəsində şəhid olan idmançıların ailələrini ziyarət ediblər.

Astarainfo.az  xəbər verir ki, görüş iştirakçıları Astara rayonunun Ərçivan qəsəbəsindəki “Qəzəndaş” məzarlığında dəfn olunmuş şəhidlərin məzarları önünə əklillər və gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Gənclər, əvvəlcə, Ərçivan qəsəbə sakini, Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Ruslan Əliyevin ailəsini ziyarət ediblər.

Əliyev Ruslan Aslan oğlu Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. İgid döyüşçü Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbdə oxuduğu illərdə Astara Boks Mərkəzində məşqçi Ayaz Baxşıyevin rəhbərliyi ilə təlim-məşqlərdə, rayon və Respublika yarışlarında müntəzəm iştirak edib. O, boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olub.

Gənclər şəhidin idman və hərbi sahədə nailiyyətlərinə həsr olunmuş guşə ilə tanış olublar.

Sonra gənclər Vətən müharibəsində qəhrəmancasına şəhid olan xüsusi təyinatlı Sadiq Bağırzadənin ailəsini ziyarət ediblər. Bağırzadə Sadiq Şahin oğlu Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Cəsur döyüşçü Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbində təhsil aldığı dövrdə Astara Boks Mərkəzində məşqçi, idman ustası Nurlan Məmmədovun rəhbərliyi ilə təlim-məşqlərdə, rayon və respublika yarışlarında iştirak edib. O, boks üzrə Azərbaycan birinciliyinin bürünc medalçısı, Bakı birinciliyinin isə qalibi olub.

Şəhid ailələri ilə görüş zamanı qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uğurlu siyasəti Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, müharibədə qəhrəmanlıq göstərən Azərbaycanın əsgər və zabitlərinin şücaəti gənclərimiz üçün örnəkdir.