Astara Rayon Heydər Əliyev Mərkəzinin və Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda onlayn tarix dərsi keçirilib.
Onlayn dərsdə Mərkəzin əməkdaşları, Suparibağ kənd tam orta məktəbinin müəllimləri, məktəbin VIII-IX sinif şagirdləri iştirak ediblər.
Astarainfo.az xəbər verir ki, Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı çıxış edib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatəyə alınıb, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü atəş açılıb. Ermənilər Xocalı şəhərinin 613 sakinini amansızcasına qətlə yetiriblər.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib.
Çıxışlarda bildirilib ki, hər bir azərbaycanlı üçün əsas prioritetlərdən biri də Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyasının məqsədi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən düşmən tapdağı altında olan şəhər və rayonlarımız işğaldan azad edildi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq Böyük Qələbə xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə olundu.